SİYASƏT


Azərbaycan-Moldova münasibətlərinin inkişafında partiyalararası əlaqələr də mühüm önəm kəsb edir

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini–icra katibi Əli Əhmədov iyunun 22-də Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, partiyanın mənzil-qərargahında keçirilən görüşdə Azərbaycan və Moldova arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Əli Əhmədov Azərbaycan ilə Moldova arasındakı dostluq əlaqələrinin əhəmiyyətindən bəhs edərək bildirib ki, ortaq iqtisadi maraqlar, hər iki ölkənin GUAM-a üzvlüyü və digər bu kimi amillər əməkdaşlığın inkişafına zəmin yaradır. O, həmçinin Yeni Azərbaycan Partiyası ilə Moldova Respublikası Sosialistlər Partiyası arasındakı əlaqələrin də inkişafının böyük önəm daşıdığını qeyd edərək mövcud səfərin qarşılıqlı əməkdaşlığa təkan verəcəyini vurğulayıb.

Daha sonra Əli Əhmədov YAP haqqında məlumat verərək 700 minə yaxın üzvü olan partiyanın əhali arasında böyük nüfuza malik olduğunu, Azərbaycan xalqının 24 ildir ki, bu partiyanı dəstəklədiyini bildirib. YAP-ın sədr müavini qeyd edib ki, partiyanın dəstək olduğu daxili və xarici siyasi kurs ölkəyə iqtisadi dividendlər gətirib, əhalinin rifah halını xeyli yaxşılaşdırıb. Bu illər ərzində Azərbaycanın siması əhəmiyyətli dərəcədə dəyişib, ölkədə beynəlxalq əhəmiyyətli tədbirlər, yarışlar keçirilir. İki gündən sonra baş tutacaq Formula-1 Qran-Prisi buna əyani sübutdur. Ölkədə sabitlik bərpa olunub, bütün sahələr inkişaf edir, əhalinin sayı artaraq 10 milyon nəfərə çatıb.

Əli Əhmədov qeyd edib ki, ölkələrin, xalqların bir-birinə yaxınlaşması üçün partiyalararası əlaqələr də mühüm önəm kəsb edir. Bu baxımdan, geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Avropa, Asiya, MDB məkanı və Cənubi Amerikadakı bir sıra partiyalarla fəal əməkdaşlıq qurub.

Moldova Respublikası Sosialistlər Partiyasının sədri Zinaida Qreçanaya Prezident İqor Dodonun rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib. O qeyd edib ki, Bakıda olduğu müddətdə vahid Azərbaycan xalqı ideyasının əyani şahidi olub və Moldovanın Azərbaycandan öyrənə biləcəyi müsbət örnəklər çoxdur. Zinaida Qreçanaya da partiyalararası əlaqələrə böyük əhəmiyyət verdiklərini bildirərək Yeni Azərbaycan Partiyası ilə qarşılıqlı səfərlər və təmasların müntəzəm xarakter almasında maraqlı olduqlarını söyləyib. O, həmçinin Moldovada çoxlu sayda azərbaycanlının yaşadığını qeyd edərək iki ölkə arasında biznes və investisiyaların yatırımı sahəsində əməkdaşlığın genişləndirilməsinə əlverişli imkanların olduğunu vurğulayıb.

Görüşdə Əli Əhmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək, Azərbaycan hökumətinin bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən bəhs edib. O, həmçinin bənzər münaqişələrlə üzləşən hər iki ölkənin ərazi bütövlüyü prinsipinin müdafiəsi istiqamətində bir-birinə dəstəyinin vacibliyini qeyd edib.

Söhbət zamanı YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Moldova Prezidenti Aparatı rəhbərinin müavini Nikolay Posturusu və Moldova Prezidentinin şəxsi köməkçisi və mətbuat xidmətinin rəhbəri İon Çebanu da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.