SİYASƏT


Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 45 ölkənin hərbi sənaye kompleksi ilə əməkdaşlıq edir VİDEO

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 45 ölkənin hərbi sənaye kompleksi ilə əməkdaşlıq edir. Bunun nəticəsidir ki, ölkəmizdəki müəssisələr yenidən qurulur və dünyanın aparıcı şirkətlərinin texnologiyası Azərbaycana gətirilir. Həmin texnologiyalar əsasında ölkəmizdə müdafiə təyinatlı məhsullar istehsal olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində jurnalistlərə müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Yavər Camalov bildirib ki, Müdafiə Sənayesi Nazirliyi ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində qarşıya qoyulan yeni vəzifələrin icrası məqsədilə elmi-texniki və konstruktor-texnoloji layihələr üzərində işləri davam etdirir. 2009-cu ildə nazirlik Türkiyədə iştirak etdiyi ilk beynəlxalq sərgidə 27 adda, 2014-cü ildə Bakıda keçirilən “ADEX 2014” sərgisində 168 adda məhsul nümayiş etdirirdisə, bu sərgiyə isə 260 addan çox müdafiə təyinatlı məmulat çıxarılıb. Artıq 2018-ci ildə keçiriləcək sərgiyə hazırlıq gedir, 125 məmulatın üzərində təcrübi-konstruktor işləri aparılır. Prioritet layihələrə hava-yer, hava-hava, yer-yer raketləri daxildir. Eyni zamanda, dünyanın bir neçə aparıcı şirkəti ilə 280 kilometr məsafəlik ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi ilə bağlı danışıqlar davam edir.

Nazir qeyd edib ki, ölkəmizdə istehsal olunan “Zərbə” pilotsuz uçuş aparatı Ermənistan ordusunun ölüm kabusuna çevrilən silahdır. Hazırda Müdafiə Nazirliyi ilə danışıqlar gedir. Yüzlərlə pilotsuz uçuş aparatları sifariş verilib. Bununla bağlı müqavilə imzalanacaq.

Ermənistan ordusunun paradında “İsgəndər” raket kompleksinin nümayiş etdirilməsinə də toxunan Yavər Camalov bildirib ki, Ermənistan müstəqil dövlət olmadığı üçün onun keçirdiyi paradın heç bir mənası yoxdur. Ermənistana verilmiş “İsgəndər E” istismar müddətini başa vurmuş ballistik raketlərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.