ELM VƏ TƏHSİL
Azərbaycan Müəllimlər İnstitutunda 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyi qeyd olunub
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AMİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsi olduğunu, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçdiklərini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazdığını, o cümlədən veteranların döyüşlərdə, arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini diqqətə çatdırıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.
Tədbirdə 1941-1945-ci illər müharibəsinin veteranı Əmiralı Əmiralıyev çıxış edərək bildirib ki, bu tədbir gənclərimiz üçün ciddi məzmun daşıyır. O, ölkə rəhbərliyi tərəfindən istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ müharibəsi iştirakçılarına, həlak olmuş, itkin düşmüş şəxslərin ailələrinə və övladlarına göstərilən yüksək qayğıdan söz açıb. Ə.Əmiralıyev veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etmələrini, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməmələrini yüksək dəyərləndirib.
Hitler faşizminin dəhşətlərini gözləri ilə görmüş veteran ürək parçalayan, lakin Azərbaycan igidlərinin hünər səhifələri kimi tarixə yazılan müharibə xatirələrindən, döyüş səhnələrindən, arxa cəbhədəki fədakarlıqlardan söhbət açıb.
Tədbirdə digər çıxış edənlər faşizm üzərində qələbənin qazanılmasında Bakı neftinin əsas amillərdən biri olduğunu vurğulayıblar. Bildirilib ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli xalq olmasını bir daha sübut edib.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə və şəxsi nümunələrinə görə Ə.Əmiralıyevə AMİ-nin rəhbərliyi tərəfindən xatirə hədiyyələri təqdim olunub.