ELM VƏ TƏHSİL
Azərbaycan Müəllimlər İnstitutunda Dünya Mülki Müdafiə Günü qeyd olunub
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Dünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
AMİ-dən AZƏRTAC -a bildiriblər ki, tədbirdə institutun tədris işləri üzrə prorektoru, dosent Razim Məmmədov mülki müdafiə vəzifə və tədbirlərinin təbliğinin, insanların təhlükəsizlik məsələlərinin hər bir ölkədə nazirliklər, kütləvi informasiya vasitələri tərəfindən aparıldığını diqqətə çatdırıb. Fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülki müdafiə orqanları qarşısında ən vacib vəzifə kimi durduğu qeyd edilib.
Mühəndis Teymur Qurbanov bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə Mülki Müdafiə Günü 1972-ci ildən etibarən hər il martın 1-də qeyd edilir. Ölkəmiz bu nüfuzlu təşkilata 1993-cü ildə daxil olub.
İnstitutun baş müəllimləri Faiq Manafov, Həsən Əliyev bildiriblər ki, fəlakət riskinin azaldılması hər bir dövlətin ərazisində müxtəlif dövlət strukturları tərəfindən kompleks şəkildə həyata keçirilir. Mülki müdafiənin ümumxalq mahiyyəti, onun təşkilati quruluşu və həyata keçirdiyi tədbirlərin önəmliliyi bu tədbirlərdə geniş əhali kütləsinin iştirakı ilə müəyyən olunur. Baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrin qarşısını almaq, nəticələrini müvəffəqiyyətlə aradan qaldırması işlərini təşkil etmək məqsədilə AMİ-nin nəzdində fövqəladə hallar komissiyasının fəaliyyət göstərir.
Vurğulanıb ki, təhsil ocaqlarında mülki müdafiə dərslərinin keçirilməsi tələbələrin fövqəladə hadisələrdə düzgün hərəkət etmələri, özlərini təhlükələrdən xilas etməklə yanaşı, başqa insanlara da yardım göstərə bilmələri baxımından zəruridir. Fövqəladə hadisələr zamanı bütün insanların qəzaların nəticələrinin aradan qaldırılmasına cəlb olunması vacibdir.
Digər çıxış edənlər də AMİ-də mülki müdafiənin təşkilinə geniş yer verildiyini, tələbələrin bu istiqamətdə biliklərinin artırılması üçün müxtəlif əyani vəsaitlərin toplandığını, mülki müdafiənin işini əks etdirən lövhələrin yaradıldığını, dərs vəsaitlərinin hazırlandığını diqqətə çatdırıblar.
Tədbirdə fövqəladə vəziyyət zamanı əhalini, o cümlədən AMİ-nin şəxsi heyətinin təhlükəsizliyinin təmin olunmasında mülki müdafiə strukturunun işi, dövlətin təhlükəsizlik sistemində yeri və əhəmiyyətini təbliğ edən plakatlar, əyani vasitələr nümayiş etdirilib, sənədli film göstərilib.