ELM VƏ TƏHSİL
Azərbaycan Müəllimlər İnstitutunda keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıblar
Bakı, 6 may, Kifayət Əliyeva, AZƏRTAC
Mayın 6-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tələbələr arasında keçirilmiş bir sıra müsabiqələrin qalibləri bu ali məktəbdə ənənəvi olaraq fakültələr arasında təşkil edilən “Gül bayramı” tədbirində mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Tədbirdə AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bildirib ki, respublikamızın hər yerində, bütün müəssisələrdə, o cümlədən institut və onun filiallarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir. Ulu Öndərin ideyaları, o cümlədən, gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, ölkəmiz dünya səviyyəli tarixi tədbirlərə, böyük layihələrə imza atır. Uğurlu siyasətin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın qabaqcıl dövlətləri arasında nüfuz sahibidir, ən uğurlu inkişaf yolu keçən ölkələr sırasındadır.
Rektor qeyd edib ki, təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında” imzaladığı əmrə əsasən Azərbaycan Müəllimlər İnstitutu üzrə müvafiq əmr və tədbirlər planı təsdiqlənib. İnstitut və onun filiallarında tələbə elmi cəmiyyətlərinin konfransları keçirilib, tələbələr arasında bir sıra müsabiqə və yarışlar təşkil edilib, tələbələr rayon və respublika səviyyəli bir sıra müxtəlif tədbirlərdə iştirak ediblər. Bundan əlavə, institutun kitabxanasında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən xüsusi guşə yaradılıb. Tədbirlər planına əsasən, mayın 8-də birinci akademik saat müdrik rəhbər Heydər Əliyevin həyat və fəaliyyətinə, idarəçilik irsinə həsr ediləcək.
Sonra tələbələrin rəsm əsərlərinə, əl işlərinə, güllərə baxış keçirilib. İnstitutda tələbələr arasında keçirilmiş “Ana yurdum – Azərbaycan!” mövzusunda fotoşəkil və rəsm, əl işi müsabiqələrinin, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbələr və ixtisaslar arasında turnirin qaliblərinə diplom və hədiyyələr təqdim olunub.
İnstitutun bədii özfəaliyyət kollektivi maraqlı konsert proqramı ilə çıxış edib. Konsertdə tələbələr mahnı oxuyub, müxtəlif musiqi alətlərində ifa edib, şeirlər söyləyiblər.