REGİONLAR
Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında Ulu Öndərin xatirəsi yad olunub
Şamaxı, 6 may, AZƏRTAC
Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın iştirakçısı olan filialın müəllim və tələbələri əvvəlcə Şamaxıda Ulu Öndərin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Mərkəzində sərgilənən fotoşəkil və sənədlərlə tanışlıq olub, burada Ümummilli Liderə həsr edilən “Dünyaya pəncərə” filminə baxıblar.
Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının akt zalında keçirilən konfransı filialın direktoru Tünzalə Yusifova açaraq Ulu Öndərin həyatı və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, təhsilimizin inkişafı ilə əlaqədar gördüyü işlərdən danışıb.
YAP rayon təşkilatının filialdakı sədri Şasəddin Mikayılov konfransda “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda məruzə edib, çıxışlar dinlənilib.
Məruzə və çıxışlarda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun ən qüdrətli ölkəsi olduğu vurğulanıb və bu yüksəliş dahi rəhbər Heydər Əliyevin uzaqgörən siyasətinin təntənəsi kimi dəyərləndirilib.