MƏDƏNİYYƏT


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbir

A+ A

Bakı, 19 sentyabr, Flora Şükürova, AZƏRTAC

Sentyabrın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə qonaqlar “Üzeyir Hacıbəyli-131” adlı sərgi ilə tanış olublar.

Tədbirdə Üzeyir Hacıbəylinin ömür yolunu əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış fotoslaydlar nümayiş etdirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova dahi bəstəkarın ömür yolundan və yaradıcılığından söz açıb. Vurğulanıb ki, Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Üzeyir Hacıbəyli milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan “Koroğlu” operasını bəstələyib. Üzeyir bəy Azərbaycanda musiqişünaslıq elminin, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına töhfələr verib. O, milli bəstəkarlıq məktəbinin qabaqcıl dünya bəstəkarlığı ilə yanaşı olması üçün fədakarcasına çalışıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev çıxış edərək Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkəmizdə keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Diqqətə çatdırılıb ki, Üzeyir Hacıbəyli Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz töhfədir. Onun yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün dəyərli mənəvi sərvətdir. Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir. Dünyanın ən nüfuzlu teatrlarının səhnəsində bu əsərlər dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin, Bakı Musiqi Akademiyasının tələbə və məzunlarının ifasında Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin və başqa bəstəkarların əsərləri səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.