SİYASƏT


Azərbaycan-NATO tərəfdaşlığı ilə bağlı müzakirələr aparılıb

Bakı, 8 dekabr, AZƏRTAC 

Hamburqda keçirilən ATƏT-in 23-cü nazirlər şurasının iclası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Baş katibinin müavini Roza Qotemüller ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-NATO tərəfdaşlığı və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Roza Qotemüller Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, ölkəmizin Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi işinə töhfəsini yüksək qiymətləndirib.

E.Məmmədyarov Azərbaycanın Əfqanıstanda hərbi təsisatların quruculuğuna dəstək məqsədilə Əfqanıstan Milli Ordusunun (ƏMO) Etimad Fonduna əhəmiyyətli miqdarda ianə etdiyinə və maliyyə dəstəyini davam etdirəcəyinə dair məlumat verib.

Nazir Azərbaycanın NATO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətə məlumat verib. O, NATO-nun zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmətin ifadə edilməsinin və münaqişənin bu prinsiplər əsasında həllinin dəstəklənməsinin təqdir edildiyini bildirib.

Elmar Məmmədyarov, həmçinin Azərbaycanın Asiyanın Ürəyi – İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürdüyü və bu işdə bütün maraqlı tərəflər, xüsusən NATO ilə beynəlxalq ictimaiyyətin Əfqanıstana hərtərəfli və ardıcıl dəstəyinin asanlaşdırılması məqsədilə sıx koordinasiya və məsləhətləşmə şəraitində çalışacağını deyib.

Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının icrası məsələləri də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.