SİYASƏT
Azərbaycan-Norveç diplomatik münasibətlərinin qurulmasının 25 illiyi qeyd edilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Bakıda Norveçin milli bayramı - Konstitusiya Günü və Azərbaycan-Norveç diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərin, Milli Məclisin deputatlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdikləri tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Qəbulda çıxış edən Norveçin Azərbaycandakı səfiri Baard İvar Svendsen bildirib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının və Norveçin “Statoil” şirkətinin Azərbaycandakı fəaliyyətinin 25 illiyi qeyd olunur. “Həm Norveç, həm də Azərbaycan mühüm qlobal enerji təminatçılarıdır”, - deyən səfir “Statoil”in ötən illər ərzində Azərbaycana 6,5 milyon dollar investisiya yatırdığını bildirib.
İki ölkə arasında münasibətlərdən danışan diplomat bildirib ki, Norveç Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.
Qəbulda çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycan və Norveç arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi münasibətilə Azərbaycan hökuməti adından təbriklərini, hər iki xalqa tərəqqi, əmin-amanlıq, sülh və rifah arzularını çatdırıb. Ötən 25 il ərzində iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirən nazir bu münasibətlərin inkişafında “Statoil” in rolunu xüsusi qeyd edib. “Münasibətlərimizin inkişafı xalqlarımızın mənafelərinə xidmət edir”, - deyən nazir norveçli dünya şöhrətli alim-səyyah Tur Heyerdalın Azərbaycana səfərlərini, burada apardığı araşdırmaları xatırladıb.