MƏDƏNİYYƏT
Azərbaycan “Nurlu mələk” kinofestivalında iştirak etməyə dəvət alıb
Festival Sosial-mədəni təşəbbüslər Fondunun prezidenti, Rusiya Federasiyası hökumətinin baş nazirinin xanımı Svetlana Medvedevanın himayəçiliyi, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilin mənəvi dəstəyi ilə keçirilir.
Kinofestivalın təşkilatçıları Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, rejissor, rəssam Firəngiz Qurbanovanın istedadını və beynəlxalq animasiya cəmiyyətindəki nüfuzunu, misilsiz peşə təcrübəsini nəzərə alaraq onu kinofestivalda Azərbaycanı təmsil etməyə dəvət ediblər.
F.Qurbanovanın AZƏRTAC-a verdiyi məlumata görə, ona gələn dəvətnamədə qeyd edilir ki, on il bundan əvvəl irəli sürülmüş “Xeyirxah kino” yaratmaq ideyası insanın bir şəxsiyyət – vətənpərvər və vətəndaş, zəhmətkeş, ailə başçısı kimi formalaşmasına ciddi təsir göstərən kinoda və kino sənayesində müsbət nümunənin əhəmiyyətinin dərk edilməsindən irəli gəlir. Bu kinofestivalın keçirilməsi hazırda cəmiyyətdə xeyirxahlığa və mərhəmətə, istedada və müdrikliyə, səmimi yumora və romantikaya, pozitivliyə və alicənablığa nə qədər böyük ehtiyac olduğunu göstərir.
“Nurlu mələk” kinofestivalı öz tamaşaçıları - böyüməkdə olan nəsillər və onların valideynləri, gənclər və yaşlı insanlar üçün məhz belə filmlər toplayır.