SİYASƏT
Azərbaycan Ombudsman təsisatı ilə Avropa Şurası arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç ilə görüşüb.
E.Süleymanova Azərbaycan Ombudsman təsisatının Avropa Şurası ilə səmərəli əməkdaşlıq qurduğunu, 2005-ci ildə Strasburqa səfəri zamanı keçirilən görüşlərdə insan hüquqlarının müxtəlif aspektləri üzrə birgə təlim-seminarların təşkilinin qərara alındığını xatırladıb. O, Avropa Şurasının dəstəyi ilə Azərbaycanda keçirilən müxtəlif tədbirlərdən də söhbət açıb.
Müvəkkil Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası istiqamətində görülən işlər barədə də məlumat verib.
E.Süleymanova dövlət qurumları, QHT-lər və media nümayəndələri üçün birgə seminarların, regionlarda təlimlərin təşkil edilməsini, ifadə, birləşmək azadlığı mövzularında maarifləndirici tədbirlərin keçirilməsini, bu tədbirlərə beynəlxalq ekspertlərin dəvət edilməsini, təcrübə mübadiləsinin aparılmasını təklif edib. O, həmçinin Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” konvensiyalarının tələblərinin milli səviyyədə implementasiyası üzrə birgə tədbirlərin keçirilməsini məqsədəuyğun sayıb. Ombudsman Avropa İnsan Hüquqları Konvensiyasının 16 saylı protokolunun əhəmiyyətini diqqətə çatdıraraq bu sənədlə bağlı tədbirlərin keçirilməsini də təklif edib.
D. Filipoviç Azərbaycan ombudsmanı ilə əməkdaşlıqda maraqlı olduğunu, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, ölkənin müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlərin problemlərini öyrənməkdə maraqlı olduğunu söyləyib. Birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayan D. Filipoviç müvəkkilin təkliflərinin müsbət qarşılandığını bildirib.
Görüşdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı Avropa Şurasının Bakı ofisinin rəhbərinə təqdim edilib.