SİYASƏT


Azərbaycan Ombudsmanı Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

A+ A

Bakı, 13 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova avqustun 10-11-də Tatarıstanın Kazan şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 19-cu iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, E.Süleymanova təşkilatın vitse-prezidenti qismində Beynəlxalq Ombudsmanlar İnstitutunun (BOİ) Asiya Regionu üzrə görüşündə, “İnformasiya texnologiyaları və insan hüquqları: Tatarıstan Respublikasının təcrübəsi”, habelə “Dinlər və konfessiyalar arasında anlaşma və əməkdaşlıq Tatarıstan Respublikasının uğurlu inkişafının əsası kimi” mövzularına həsr olunan “dəyirmi masa”larda məruzəçi kimi iştirak edib. O, konfrans iştirakçılarına hər iki mövzu ilə bağlı Azərbaycandakı vəziyyət və həyata keçirilən tədbirlər barəsində ətraflı məlumat verib.

Tədbirə Rusiya Federasiyası və onun subyektlərinin, Tailand, İndoneziya, Malayziya, Çin, Yaponiya, Koreya, Honkonq, Pakistan, İran, Özbəkistan, Qırğızıstan və Azərbaycandan olan ombudsmanlar və milli insan hüquqları təsisatlarının (MİHT) nümayəndələri qatılıblar.

Azərbaycan Ombudsmanı təşkilatın konfransının hər iki iclasındakı çıxışında Orta Asiya ölkələrinin də bu şəbəkəyə cəlb edilməsinin, habelə qaçqın və məcburi köçkün probleminin həlli, qlobal miqrant axınının, hərbi münaqişələrin qarşısının alınması məqsədilə üzv təşkilatların öz fəaliyyətlərində sülh və əmin-amanlığı təşviq etməsinin və bu sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.

Elmira Süleymanova “İnsan hüquqları kontekstində informasiya və kommunikasiya texnologiyaları” və “Multukulturalizm və insan hüquqları” mövzularında məruzələrlə çıxış edib. Çıxışları zamanı Azərbaycan Ombudsmanı ölkəmizin müstəqilliyini elan etdikdən sonra BMT, ATƏT, Avropa Şurası kimi bir sıra beynəlxalq və regional təşkilatlara bərabərhüquqlu üzv seçildiyini, insan hüquqlarına dair beynəlxalq sazişlərə qoşulduğunu, suverenliyinin möhkəmləndirilməsi, davamlı inkişaf və ictimai-siyasi sabitlik sayəsində qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, Azərbaycanda yaşayan milli azlıqların, müxtəlif dinlərin nümayəndələrinin inkişafına, onların adət-ənənələrinin qorunub saxlanılmasına xüsusi diqqət yetirilib. Bu çoxmillətlilik, qarşılıqlı tolerantlıq və multikulturalizm Azərbaycan xalqının xüsusiyyəti və sərvəti kimi daim qorunub saxlanılıb, hər bir kəsin bərabər hüquqlarının təmin olunması üçün imkanlar yaradılıb. Ombudsman Azərbaycanın tarixən unikal çoxmillətli cəmiyyət olduğunu, bu multimədəniyyətliliyin, multietnik irsin bu gün də qorunub saxlandığını, ölkə ərazisində məskunlaşan bütün millətlərin, dinlərin nümayəndələrinin sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığını vurğulayıb. Bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin, multikultural dəyərlərə verilən böyük önəmin nəticəsidir ki, 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə məhz Bakıda keçirilməsi barədə qərar qəbul edilib və Forum yüksək səviyyədə təşkil olunub. 2016-cı il ölkədə “Multikulturalizm ili” elan edilib və bununla bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir.

“İnformasiya və kommunikasiya texnologiyaları insan hüquqları perspektivindən” mövzusunda çıxış edən E.Süleymanova İKT-nin demokratik idarəetmə, iqtisadi və sosial inkişaf sahəsində rolunu, ölkəmizin “Azerspace” və “Azərskay” peyklərinin kosmosa buraxılması ilə qlobal kosmik ailəyə qoşulduğunu, Azərbaycanda Trans Avrasiya superinformasiya magistralı, Trans Avropa–Şərq informasiya magistralı layihələrinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O, habelə milli brend olan “ASAN xidmət”in insan hüquqlarının müdafiəsi və təmini sahəsində məhz İKT-nin yeniliklərindən istifadə edərək böyük uğurlara imza atdığını vurğulayıb.

Bundan başqa E.Süleymanova ölkəmizdə gedən inkişaf proseslərindən danışıb. Ermənistanın ölkəmizə qarşı 25 ildən çox davam edən təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının hüquqlarının kobudcasına pozulduğunu, onların qaçqın və məcburi köçkünə çevrildiyini, minlərlə yaşayış məntəqəsinin, təhsil, səhiyyə və digər ictimai obyektlərin, habelə İslam mədəni irsi, tarixi və dini abidələrinin məhv edildiyini qeyd edib.

Tədbir çərçivəsində Rusiya və subyektlərindən, Yaponiya, Pakistan, Azərbaycan, Tailand, Malayziyadan olan iştirakçılar Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşüblər.

Rusiya Federasiyasının Ombudsmanı Tatyana Moskalkova ilə görüşdə Elmira Süleymanova ölkələrimiz arasında illər boyu davam edən strateji əməkdaşlıq, eyni zamanda, Azərbaycan Ombudsman təsisatı ilə Rusiya Federasiyası və subyektlərinin müvafiq təsisatları arasında insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq haqqında anlaşma memorandumlarının imzalandığını bildirib. Əlavə edib ki, bu sənədlərin imzalanmasında məqsəd Azərbaycan Respublikası vətəndaşlarının Rusiya ərazisində, Rusiya vətəndaşlarının isə respublikamızda hüquqlarının pozulması halları barəsində təsisatların bir-birini vaxtında məlumatlandırması, pozulan hüquqların bərpa edilməsinə öz səlahiyyətləri çərçivəsində yardım göstərilməsi, birgə tədbirlərin keçirilməsidir.

Daha sonra E.Süleymanova Tatarıstanın “Xalqlar dostluğu” mərkəzində də olub, burada keçirilən görüşdə və müzakirələrdə iştirak edib.

Bundan əlavə səfər çərçivəsində Ombudsman Azərbaycan diaspor mərkəzinə baş çəkib, həmvətənlərimizin fəaliyyəti ilə yaxından tanış olub və fikir mübadiləsi aparıb.

Habelə Elmira Süleymanova Kazan Universitetinə dəvət olunub, universitetin beynəlxalq və Avropa hüquq fakültəsinin müəllim və tələbə heyəti ilə görüşüb, gələcəkdə insan hüquqları sahəsində işin effektivliyinin artırılması üzrə əməkdaşlığın perspektivləri, birgə elmi konfransın keçirilməsi barədə müzakirələr aparıb, məsələ ilə bağlı razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.