REGİONLAR
Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı hər an azad etməyə hazırdır
Tərtər, 4 mart, AZƏRTAC
Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən hərbi hissənin komandiri ölkəmizdə ordu quruculuğunda aparılan islahatlardan, cəbhə bölgəsində xidmət edən əsgər və zabitlərin mərdlik və şücaətindən danışıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ müharibəsi əlili Nizami Heydərov, “Xocalı soyqırımını tanıdım” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və başqaları çıxış edərək, milli ordunun yaradılmasından, ordu quruculuğu sahəsində qazanılan uğurlardan bəhs ediblər. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlər Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qüdrətli Azərbaycanın silahlı qüvvələri bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülür. Azərbaycan Ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval ruhiyyəsi və yüksək nizam-intizam onu deməyə əsas verir ki, ordumuz işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır.
Sonra hərbi xidmətdə fərqlənən zabit və əsgərlər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən hərbi hissəyə televizor hədiyyə edilib.
Tədbir konsert proqramı ilə başa çatıb.