REGİONLAR
Azərbaycan Ordusu regionun ən qüdrətli Silahlı Qüvvələri səviyyəsinə yüksəlib
Bakı, 23 iyun, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, iyunun 23-də Qusar Rayon İcra Hakimiyyəti ilə birgə Silahlı Qüvvələr Günü münasibətilə tədbir təşkil olunub.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Silahlı Qüvvələrimizin formalaşma prosesindən danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov milli ordu quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu və bu gün də hərbi sahəyə xüsusi əhəmiyyət verildiyini qeyd edib.
Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirib ki, Azərbaycan Ordusu tarixi inkişaf prosesi keçərək regionun ən qüdrətli Silahlı Qüvvələri səviyyəsinə yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya yüksək səviyyədə diqqət və qayğısı nəticəsində hazırda milli ordumuz ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunub.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Qusar rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.