REGİONLAR
Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub
Tərtər, 27 iyun, AZƏRTAC
Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, Ordumuzun müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, ordu quruculuğu sahəsində uğurlu dövlət siyasətinin nəticəsi olaraq, son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib, Ordumuzun maddi-texniki bazası güclənib və döyüş qabiliyyəti artıb.
Tədbirin sonunda xidmətdə fərqlənən əsgər və zabitlərə fəxri fərmanlar və qiymətli hədiyyələr, hərbi hissəyə isə bayram sovqatı verilib.
Rayondakı hərbi hissələrdə Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramları təşkil olunub.