SİYASƏT


Azərbaycan-Özbəkistan əlaqələri getdikcə daha da inkişaf edir

Bu fikir Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin “Delovoy partnyor” qəzetinə müsahibəsində yer alıb

Daşkənd, 24 iyun, AZƏRTAC

Özbəkistanın rusdilli “Delovoy partnyor” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyevin müsahibəsini dərc edib.

Müsahibənin əvvəlində bildirilir ki, Azərbaycan Özbəkistanın Qafqazda ən mühüm tərəfdaşlarından biridir.

Müsahibədə Hüseyn Quliyev Azərbaycan-Özbəkistan əməkdaşlığının indiki vəziyyəti və perspektivləri haqqında ətraflı məlumat verir. Səfir bildirir ki, ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Xalqlarımız arasında münasibətlərin çoxəsrlik tarixi var. Azərbaycan və özbək xalqlarını milli adət-ənənələr, dil, din, mədəniyyət birliyi birləşdirir. Hazırda ölkələrimizin prezidentləri dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində iş aparır. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxır. Azərbaycan Cənubi Qafqazda Özbəkistanın mühüm tərəfdaşıdır. Ölkələrimiz arasında münasibətlər getdikcə geosiyasi və geoiqtisadi cəhətdən daha da güclənir.

Müsahibədə H.Quliyev Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri üzərində xüsusi dayanır. O bildirir ki, bu məqsədlə 2015-ci ildə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanda səfərdə olub, Baş nazirin müavini Uluqbek Rozukulov, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Elyor Qəniyev və iqtisadiyyat naziri Qalina Saidova ilə görüşüb, iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Müsahibədə xüsusi vurğulanır ki, müasir dövrdə ikitərəfli əlaqələrimizin bünövrəsi ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu əlaqələr hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.

Diplomat qeyd edir ki, Azərbaycan səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mədəni sahədə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görür. Səfirliyin və Mədəniyyət Mərkəzinin xətti ilə Bakıda Özbəkistanın Xalq Şairi Camal Kamalın 80 illik yubileyi, “Camal Kamal və Azərbaycan ədəbiyyatı” adlı konfrans və bir sıra görüşlər keçirilib. Bu istiqamətdə işlər davam etdiriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.