SİYASƏT
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb
İslamabad, 30 dekabr, АZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Prezidenti Məmnun Hüseynin katibi, Prezident Administrasiyasının rəhbəri Şahid Xan ilə görüşüb.
Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən səfir ölkələrimiz arasında mövcud olan mədəni, dini bağlılıqdan, mənəvi dəyərlərdən danışıb. Diplomat Azərbaycan ilə Pakistan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində hər iki ölkə rəhbərinin xüsusi rolunun olduğunu vurğulayıb.
Bildirilib ki, hər iki ölkə bütün məsələlərdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Səfir İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsinə və Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt qruplarına hər iki ölkənin qarşılıqlı olaraq qoşulmasının səmimi qardaşlıq əlaqələrinin təzahürü olduğunu vurğulayıb.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
Ölkələrimiz arasında son vaxtlar həyata keçirilən qarşılıqlı səfərlərdən sonra əməkdaşlığın daha da canlandığını qeyd edən səfir vurğulayıb ki, növbəti il ərzində də bir çox belə səfərlər təşkil ediləcək, birgə layihələrin reallaşması həyata keçiriləcək.
Şahid Xan hər iki ölkə arasında mövcud olan isti münasibətlərdən məmnunluğunu bildirib, Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini qeyd edib. O, Böyük İpək Yolunun bərpasının Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əhəmiyyətini daha da artıracağını söyləyib.
Prezident Administrasiyasının rəhbəri Azərbaycan ilə Pakistan arasında birbaşa hava reyslərinin bərpa edilməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad