SİYASƏT
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub
İslamabad, 6 yanvar, АZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Senatının sədri Mian Rza Rəbbani ilə görüşüb.
Əli Əlizadə ölkələrimizin parlamentləri arasında mövcud olan sıx əlaqələrdən danışıb. Səfir iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib.
Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu deyən səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, bütün beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini bildirib.
Əli Əlizadə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı dövlət kimi tanımadığına və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupuna qoşulmasına görə Pakistan tərəfinə təşəkkür edib. Səfir ölkəmizin də Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olduğunu və bu məsələnin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tezliklə həllini dəstəklədiyini diqqətə çatdırıb.
Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilmiş Xocalı soyqırımının bütün bəşəriyyət üçün ağlasığmaz bir cinayət olduğunu bildirən səfir soyqırımının tanınması və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi və erməni silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin vaxtilə Pakistan Senatı tərəfindən qəbul edilməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
M.R.Rəbbani Azərbaycanın Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olmasına, məsələnin BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında həlli istiqamətindəki mövqeyinə görə təşəkkür edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə dəstəyin davam edəcəyini, Xocalı soyqırımının unudulmayacağını bildirib. Pakistan Senatında Azərbaycan ilə dostluq qrupunun təsis olunduğunu deyən sədr parlamentlərarası əlaqələrin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
M.R.Rəbbani Pakistanın Baş naziri Nəvaz Şərifin Azərbaycana uğurlu səfərlərini, digər qarşılıqlı rəsmi səfərləri də xatırladaraq, iki ölkə arasında mövcud olan əlaqələrin daha da inkişaf etdiyini, xüsusən iqtisadi əlaqələrin daha da yüksədilməsi istiqamətində səylərin artdığını vurğulayıb.
Görüşdə, həmçinin dostluq qrupları arasında əlaqələrin daha da gücləndirilməsi, parlamentlərarası yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad