İQTİSADİYYAT


Azərbaycan Poçtuna növbəti dəfə ÜPİ-nin Sürətli Poçt Xidmətləri üzrə Qızıl sertifikatı təqdim edilib

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Poçtu növbəti dəfə EMS üzrə Qızıl səviyyəli Ümumdünya Poçt İttifaqının (ÜPİ) sertifikatı ilə təltif olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən XXVI Ümumdünya Poçt Konqresində iştirak edir. ÜPİ və Türkiyənin Poçt və Teleqraf Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konqresdə 192 üzv ölkə təmsil olunur.

RYTN-dən AZƏRTAC-a bildirilib ki, ÜPİ-nin EMS (Ekspress Mail Servis - Sürətli Poçt Xidmətləri) üzrə Baş Assambleyasının iki gün davam edən iclaslarında EMS xidmətlərinin göstərilməsi üzrə 2015-ci ildə dünya ölkələri arasında aparılmış qiymətləndirmənin nəticələri açıqlanıb və yüksək nəticə göstərən ölkələr mükafatlandırılıb.

EMS üzrə Qızıl səviyyəli ÜPİ sertifikatı Azərbaycan nümayəndəsinə ÜPİ-nin baş direktoru Bişar Hüseyn tərəfindən təqdim edilib.

Qeyd edək ki, konqres Ümumdünya Poçt İttifaqının ali orqanıdır və hər dörd ildən bir keçirilir.

Üç həftə davam edəcək konqresin ilk iki həftəsində müxtəlif komissiyalarda Konqresə təqdim olunmuş təkliflər ətrafında müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Sonuncu - üçüncü həftədə isə Nazirlər toplantısı, eyni zamanda, ÜPİ-nin ali orqanları olan Administrativ və Poçt Əməliyyatları şuralarına seçkilər keçiriləcək. Azərbaycan hər iki şuraya üzvlüyə namizəddir.

Konqresin son günü ÜPİ üçün əsas yol xəritəsi hesab edilən Ümumdünya poçt strategiyası imzalanacaq. 2017-2020-ci illər üçün nəzərdə tutulan yeni sənəd konqresin Türkiyədə keçirilməsi nəzərə alınaraq, İstanbul Poçt Strategiyası kimi tanınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.