İQTİSADİYYAT
Azərbaycan Polad İstehsalı Kompleksinin tikintisi üçün danışıqlar aparılır
Azərbaycan Polad İstehsalı Kompleksinin layihələşdirilməsi və tikintisi sahəsində mühüm işlər görülür. Bu istiqamətdə Yaponiyanın “İtochu Corporation” şirkətinin də təcrübəsindən faydalanmaq məqsədəuyğun hesab edilir.
Bu fikirlər “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, Yaponiyanın “İtochu Corporation” şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı səsləndirilib.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə qonaqlara kompleks barədə geniş məlumat verilib və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Məlumatda, həmçinin qeyd edilir ki, “Azərbaycan Polad İstehsalı Kompleksi”nin tikinti layihəsi çərçivəsində dünyanın bir sıra qabaqcıl şirkətləri ilə də görüşlər keçirilib. QSC-nin əməkdaşları ABŞ-ın “Midrex”, İtaliyanın “Danieli”, Rusiyanın “Elektrostal” ağır maşınqayırma zavodu, Yaponiyanın “Kobe Steel LTD”, “JP Steel Plantech”, “Morubeni Corporation”, Almaniyanın “SMS Group”, Avstriyanın “Siemens VAI” kimi nəhəng şirkətləri ilə danışıqlar aparıblar. Məqsəd kompleksin tikintisi üçün əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və dünyada tətbiq olunan ən son texnologiyaların Azərbaycana gətirilməsidir.