İQTİSADİYYAT
Azərbaycan Polşanın əməkdaşlıq üçün üstünlük verdiyi 11 dövlətin siyahısına daxil edilib
Bakı, 16 dekabr, Laçın Sultanova, AZƏRTAC
Polşa potensial imkanlar və qarşılıqlı əmtəə dövriyyəsinin inkişafı baxımından xüsusilə perspektivli və vacib saydığı 11 ölkə sırasına Azərbaycanı da daxil edib.
Polşa Respublikası İqtisadiyyat Nazirliyinin İkitərəfli Əməkdaşlığa Dəstək Departamentinin direktorunun müavini, hazırda Bakıda səfərdə olan Eljbeta Bodio bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Departament direktorunun müavini onu da bildirib ki, yeni ildən etibarən Polşa İqtisadiyyat Nazirliyi əməkdaşlığın və Polşadan ixracın fəallaşdırılması üzrə yarımillik proqramın icrasına başlayacaq. O deyib: “Biz bu səfər müddətində çox mühüm və maraqlı görüşlər keçirdik. Ən başlıcası, biz Azərbaycan tərəfindən tam anlaşma və bu proqramın həyata keçirilməsi üçün dəstək hiss etdik. Bunu eşitmək çox xoş idi ki, Azərbaycan da Polşanı səmərəli əlaqə saxlamağa dəyən ölkə hesab edir. Azərbaycan kimi, Polşada da sabitlik bərqərar olub, hər iki ölkədə ümumi daxili məhsul artmaqdadır. Bütün bu amillər sayəsində davamlı perspektivlər üçün yaxşı şans yaranır”.
Eljbeta Bodio Polşa-Azərbaycan qarşılıqlı əlaqələrinin səviyyəsinin artırılmasına yönəlmiş proqram çərçivəsində həyata keçiriləcək tədbirlər barədə söhbət açaraq deyib ki, bunun üçün azərbaycanlı sahibkarların Polşaya səfərləri təşkil ediləcək. O deyib: “Biz istərdik ki, tikinti materialları və qida məhsulları sənayesində çalışan sahibkarlarla əlaqə yaradaq. Bakıda keçirilmiş görüşlər zamanı bu qənaətə gəldik ki, bizim qarşılıqlı əlaqələrimiz üçün tikinti və nəqliyyatla yanaşı, bu sənaye sahələri də çox vacib və perspektivlidir”.
Eljbeta Bodio bildirib ki, Polşa tərəfi qarşılıqlı faydalı əqdlər bağlanması, kontraktlar imzalanması, investisiya layihələrinin həyata keçirilməsi üçün bu proqramın gerçəkləşməsində maraqlıdır.
Aqrar sahədə əməkdaşlıq perspektivləri mövzusuna da toxunan E.Bodio deyib: “Sizin yaratdığınız aqroparklar bizi çox maraqlandırır. Biz fermer təsərrüfatları üçün kənd təsərrüfatı avadanlığı, mini-texnologiyalar mübadiləsi haqda danışdıq. Bu, bizim birgə işləyəcəyimiz sahələrdən biri olacaq”.
Departament direktorunun müavini bildirib ki, Polşa İqtisadiyyat Nazirliyi Bakıda Polşanın iqtisadi uğurlarına və potensialına həsr edilmiş geniş konfrans təşkil etmək niyyətindədir. O, söhbətin sonunda deyib: “Biz Azərbaycanı da Polşada öz potensialının təqdimat mərasimi – “Polşada Azərbaycan Günü” tədbiri keçirməyə dəvət edirik. Həmin tədbirdə Azərbaycanın iqtisadi imkanları nümayiş etdirilər, Azərbaycan xalqının mədəniyyəti barədə məlumat verilərdi. Dinamik inkişaf edən gözəl Bakı və Azərbaycan mətbəxi bizim hamımızı heyran etdi. Siz Polşada da öz möcüzəli milli mətbəxinizin təqdimat mərasimini keçirə bilərsiniz”.