İDMAN
Azərbaycan Premyer Liqasının birinci turu Ruslan Abışov üçün əlamətdar olub
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan milli komandasının və “İnter”in futbolçusu Ruslan Abışov Premyer Liqanın 2016/2017-ci il mövsümünün ilk dublunun müəllifi olub.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 29 yaşlı müdafiəçi I turun “İnter”-“Qarabağ” oyununun ikinci hissəsində iki qol vuraraq, komandasına qələbə qazandırıb – 2:1. Bu, R.Abışovun Premyer Liqa karyerasında ilk dublu olub. Bu matçadək yüksək liqada 176 oyun keçirən futbolçu heç vaxt bir görüşdə 2 dəfə fərqlənməmişdi.
Ölkə çempionatlarında 12 qol vuran futbolçu bu topları 12 müxtəlif qarşılaşmada rəqib qapısından keçirib. R.Abışov karyerasında 4-cü klubun heyətində çempionatda qol sevinci yaşayıb. İki qol vurduğu “İnter”ədək “Neftçi”də 7 dəfə fərqlənən arxa xətt oyunçusu “Xəzər-Lənkəran”da 1, “Qəbələ”də 4 dəfə rəqib qapısına yol tapıb.
R.Abışovun “Qarabağ”ın qapısından keçirdiyi 2-ci top “İnter”in öz meydanında vurduğu yubiley – 350-ci top olub. 232-ci ev oyununda buna nail olan bakılılar evdə 139 top buraxıblar.