MƏDƏNİYYƏT


Azərbaycan Prezidenti Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzalayıb

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratmışdır. Məskunlaşdıqları və qaynayıb qarışdıqları bu yerləri İkinci Dünya müharibəsi dövründə tərk etmək məcburiyyətində qalsalar da, onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irsi Azərbaycan xalqı multikultural təbiətinə sadiqlik nümayiş etdirərək lazımınca qoruyub saxlamışdır. Bir-birinin milli dəyərlərinə qarşılıqlı hörmət və ehtiram Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhətdir. Alman şərqşünasları Azərbaycan xalqının möhtəşəm söz sənəti yadigarlarının dünya elm aləminə tanıdılmasında mühüm xidmətlər göstərmiş, alman memarları isə Azərbaycanda şəhərsalma mədəniyyətinə dəyərli töhfələr vermişlər.

2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi tamam olur. Azərbaycan xalqının tarixi və mədəniyyətində dərin iz qoymuş bu hadisənin UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi təqdirə layiqdir.

Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyəti nəzərə alınaraq imzalanan Sərəncamın məqsədi Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qarşılanmasını təmin etməkdir.

Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.