İQTİSADİYYAT


Azərbaycan Prezidenti Dünya Turizm Təşkilatının Baş katibini “Dostluq” ordeni ilə təltif edib

Madrid , 11 may, AZƏRTAC

Xəbər verdiyimiz kimi, bu gün İspaniyanın paytaxtı Madriddə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə BMT-nin Dünya Turizm Təşkilatının (DTT) 105-ci sessiyası öz işinə başlayıb.

Tədbir çərçivəsində Əbülfəs Qarayev BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təltif etdiyi “Dostluq” ordenini ölkəmizin rəhbəri adından DTT-nin Baş katibi Taleb Rifaiyə təqdim edib.

Taleb Rifai bu dəyərli mükafata görə Azərbaycan Respublikası Prezidentinə minnətdarlığını bildirib. Həmçinin Əbülfəs Qarayevə DTT-nin həyata keçirdiyi layihələr və tədbirlərdə 2001-ci ildən etibarən Azərbaycanın yaxından iştirakı, eləcə də beynəlxalq turizmin inkişafına verdiyi töhfə və xidmətlərinə görə təşəkkür edib və nazirə DTT-nin diplomunu təqdim edib.

Qeyd edək ki, ölkəmiz 2001-ci ildən DTT-yə üzv olub və sözügedən təşkilatın bir sıra mühüm layihə və tədbirlərində yaxından iştirak edib. 2013-cü ildə DTT-nin Baş Assambleyasının 20-ci sessiyasında Azərbaycan təşkilatın İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub və həmin vaxtdan etibarən qurumun iclaslarında və məsələlərin müzakirəsində səsvermə hüququ ilə iştirak etməyə başlayıb. 2016-cı ildə isə Azərbaycan DTT-nin İcraiyyə Şurasının Misirin Luksor şəhərində keçirilmiş 104-cü sessiyası zamanı yekdilliklə Şuranın sədri seçilib.

Aygün Əliyeva

AZƏRTAC–ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.