RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti Heydər Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü
Xəbər verdiyimiz kimi, avqustun 2-də Soçidəki Daqomıs iqamətgahında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur.
MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının Soçidə keçirilən qeyri-rəsmi zirvə görüşünü yüksək dəyərləndirən prezidentlər Birlik çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu nəzərə çarpdırdılar.
MDB-nin yaranmasının 10 illik yubileyinin keçirilməsi ilə əlaqədar görülən hazırlıq işlərinin daha da sürətləndirilməsinin zəruriliyini qeyd edən dövlət başçıları MDB məkanında daxili və xarici təhlükəsizliyin, strateji sabitliyin, sülh və əmin-amanlıq yaradılmasının xüsusi əhəmiyyət daşıdığını bildirdilər.
Son vaxtlar Xəzər dənizinin cənubunda meydana çıxan gərginlik elementlərindən narahatlıqla bəhs edən dövlət başçıları Xəzərin sülh və sabitlik dənizi olması, qarşıya çıxan bütün məsələlərin yalnız dinc vasitələrlə, birbaşa dialoq yolu ilə, beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla mehriban qonşuluq və qarşılqlı anlaşma ruhunda həlli üçün mümkün olan hər şeyi etməyin əsas vəzifə olduğunu vurğuladılar.
Prezident Heydər Əliyev, Prezident Vladimir Putin və Prezident Nursultan Nazarbayev Xəzərin yeni statusunun müəyyənləşdirilməsi məsələsində Azərbaycanın, Rusiyanın və Qazaxıstanın eyni mövqedə olduqlaırını bir daha təsdiq etdilər.
Prezidentlər dörd Xəzəryanı ölkənin – Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistanın dövlət başçılarının görüşünün keçirilməsini məqsədəuyğun hesab etdilər. Həmin görüşü Rusiya tərəfi təşkil edəcəkdir.
Dostluq, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı prezidentlər regional və beynəlxalq problemlərə dair bir sıra məsələlər barədə də fikir mübadiləsi apardılar, o cümlədən beynəlxalq terrorizmə, etnik separatizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin əhəmiyyətini vurğuladılar.
X x x
Görüşdən sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın İTAR-TASS, RİA-NOVOSTİ və İNTERFAKS agentlikləri müxbirlərinin suallarına cavab verdi. O, Xəzərlə bağlı suala cavabında dedi:
- Müzakirə olunan məsələlər arasında Xəzərdəki vəziyyətlə bağlı məsələ də var idi. Məmnuniyyətlə vurğulayıram ki, Nursultan Abişoviç Nazarbayev və Heydər Əliyeviç Əliyev ilə apardığımız fikir mübadiləsi Xəzər problemi barəsində ölkələrimizin mövqelərinin yaxınlığını təsdiq etdi.
Bununla yanaşı, onu da deməliyəm ki, son vaxtlar Xəzərin cənubunda meydana çıxan gərginlik elementləri bizdə narahatlıq doğurmaya bilməz.
Xəzər dənizinin sülh və sabitlik dənizi olması, qarşıya çıxan bütün məsələlərin yalnız dinc vasitələrlə, birbaşa dialoq yolu ilə, beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla mehriban qonşuluq və qarşılıqlı anlaşma ruhunda həlli üçün mümkün olan hər şeyi etmək bizim ümumi vəzifəmizdir. Rusiya buna hər vasitə ilə kömək göstərməyə hazırdır. Güc metodlarından istifadə olunması yolverilməzdir.
Xəzər dənizinin yeni statusu haqqında mümkün qədər tezliklə razılığa gəlmək lazımdır. Bu, bütün Xəzəryanı dövlətlərin qarşılıqlı surətdə faydalı əməkdaşlığı, o cümlədən Xəzərin neft-qaz ehtiyatlarının işlənilməsi sahəsində əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmağa imkan verəcəkdir.