RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibinin müavinini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da BMT-nin baş katibinin müavini, BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev BMT baş katibinin müavini Cihan Sultanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının və BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı BMT-nin baş katibinə salamlarını çatdırmağı xahiş etdi. BMT kimi nüfuzlu qurumun Azərbaycan dövlətinin fəaliyyətini yüksək qiymətləndirməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin bütün sahələrdə bundan sonra da inkişafını təmin etmək üçün səylər davam etdiriləcək.

Forumda iştirak etməkdən şərəf duyduğunu deyən BMT baş katibinin müavini Cihan Sultanoğlu Bakı Forumunun çox vacib bir tədbir olduğunu bildirdi. O, Forumun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Görüşdə V Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olundu. Bu Forumda müzakirə edilən məsələlərin, irəli sürülən təşəbbüslərin və multikulturalizm ideyalarının indiki dövrdə bütün dünya üçün vacib olduğu diqqətə çatdırıldı. Azərbaycanın BMT ilə humanıtar sahədə uğurlu əməkdaşlıq etdiyi vurğulandı. Söhbət zamanı müəyyən təhdidlərin aradan qaldırılması üçün dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın möhkəmləndirilməsinin önəmi qeyd edildi. Görüşdə BMT-nin Azərbaycan ilə əməkdaşlığa önəm verdiyi bildirildi, birgə həyata keçirilən proqramlar, o cümlədən BMT İnkişaf Proqramı çərçivəsində reallaşdırılan layihələrdən söhbət açıldı. Bu proqramların bundan sonra da həyata keçirilməsi imkanları müzakirə olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır