RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bu yaxınlarda Bişkekdə görüşünü məmnunluqla xatırladı. Azərbaycan ilə Belarusun çox yaxın və dost münasibətdə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə əməkdaşlıq etdiyini, bir-birilərinə etibar və hörmət göstərdiklərini, həmişə dəstək verdiklərini dedi. Prezident İlham Əliyev hər iki ölkə rəhbərinin münasibətlərinin bütün qurumların, o cümlədən iqtisadi blok, xarici siyasət, təhlükəsizlik və digər məsələlərlə məşğul olan strukturlar arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verdiyini vurğuladı. Dövlətimizin başçısı indiki mürəkkəb dövrdə təhlükələrin düzgün qiymətləndirilməsinin və bu təhlükələrə qarşı qüvvələrin birləşdirilməsinin vacibliyini də bildirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı baxımından Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın ölkəmizə səfərinin önəmini vurğuladı və səfərin əməkdaşlığımızın inkişafı və ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələlərin müzakirəsi və operativ həlli baxımından əhəmiyyətini qeyd etdi.

Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas 1981-1985-ci illərdə Bakı hərbi məktəbində təhsil aldığını məmnunluqla xatırladı. Bakıda çox böyük inkişafın şahidi olduğunu deyən qonaq bütün Azərbaycanın, xüsusilə paytaxtımızın dinamik şəkildə inkişafının onda böyük sevinc hissi doğurduğunu dedi. O, Azərbaycan xalqının qazandığı bütün bu nailiyyətlərdə şəxsən Prezident İlham Əliyevin xüsusi xidmətini ehtiramla qeyd edərək bu böyük işlərin onda dərin təəssürat yaratdığını vurğuladı.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi-texniki və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır