RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Belarusun müdafiə nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Belarus Respublikasının müdafiə naziri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Belarus müdafiə nazirinin Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğuladı. Ölkələrimiz arasında hərbi əməkdaşlığın bir çox illərdir ki, uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə əlaqələrimizin razılıq doğurduğunu bildirdi. Dövlətimizin başçısı bunu Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli etimadın göstəricisi, ölkələrimizin iqtisadi, siyasi, hərbi və digər sahələrdə çoxplanlı əməkdaşlığa əsaslanmasının yaxşı təzahürü kimi dəyərləndirdi. Son illər Belarusdan alınan texnikanın çox yüksək standartlara cavab verdiyini deyən dövlətimizin başçısı bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı da danışdıqlarını, azərbaycanlı mütəxəssislərin də bu texnikaların yüksək keyfiyyətindən və etibarlılığından razı qaldıqlarını qeyd etdi. Prezident İlham Əliyev bütün bunları Belarusun hərbi-texniki sahədə əldə etdiyi böyük uğurların göstəricisi kimi dəyərləndirdi. Ölkələrimiz arasında tarixən əlaqələrin mövcud olduğunu qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq müdafiə sərgisində Belarus hərbi texnikasının nümayiş etdirilməsinin ölkəmizin bu sahədəki yeniliklərlə tanış olması və birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmini qeyd etdi. Belarus müdafiə nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etdiyini deyən dövlətimizin başçısı səfərin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını söylədi.

Belarus Respublikasının müdafiə naziri Andrey Ravkov dedi: “Mən sizə - Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun böyük dostu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmaq istəyirəm”.

Belarus Respublikasının müdafiə naziri ölkəsinin Prezidentinin daim söylədiyi sözləri xatırlayaraq bildirdi ki, Azərbaycan Cənubi Qafqazda Belarusun güvəndiyi dost ölkədir, Belarus isə Azərbaycan üçün Avropanın mərkəzində etibarlı dost və dayaq ola biləcək ölkədir. Ölkəsinin çətin bir dövründə Azərbaycanın Belarusa dəstək verdiyini vurğulayan Andrey Ravkov buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Ölkəmizə səfərinin Azərbaycan üçün əhəmiyyətli bir günə təsadüf etdiyini vurğulayan Andrey Ravkov keçirilən referendumu mühüm hadisə kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır