RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Navid Həsəni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycan ilə Dünya Bankının yaxın tərəfdaşlıq əlaqələrinə malik olduqlarını dedi, ölkəmizlə uğurlu əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Mersi Tembon dünyada neftin qiymətinin aşağı düşdüyü bir vaxtda ölkələrin iqtisadi çətinliklə üzləşdiklərini, buna baxmayaraq iqtisadi artımın mühüm olduğunu və bu baxımdan digər əlavə mənbələrin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı. Mersi Tembon Dünya Bankının Azərbaycanı dəstəkləməyə hazır olduğunu qeyd etdi, müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində imkanları araşdırmağın zəruriliyini söylədi.

Dövlətimizin başçısı qeyri-neft sektorunun inkişaf etdirilməsinin çox mühüm əhəmiyyət daşıdığını bildirərək Azərbaycanda bu istiqamətdə böyük işlərin aparıldığını dedi.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı, bu günədək magistral yolların çəkilməsi, su təchizatı və kanalizasiya xidmətləri, məcburi köçkünlərin yaşayış standartlarının yaxşılaşdırılması, ədliyyə sistemi və digər sahələrdə 50-dən artıq layihə üzərində iş aparıldığı və bu layihələrdən 40-nın uğurla reallaşdırıldığı qeyd olundu.

Söhbət zamanı ölkəmiz ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır