RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev İranın Ərdəbil Əyalətinin valisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Son illər prezidentlər səviyyəsində keçirilən çoxsaylı görüşlərin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı hər iki tərəfin əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini dedi. İran Prezidenti Həsən Ruhaninin avqust ayında ölkəmizə uğurlu səfərinə toxunan Prezident İlham Əliyev səfər zamanı ikitərəfli və üçtərəfli məsələlərin müzakirə edildiyini vurğulayaraq bildirdi ki, məqsədimiz Azərbaycan-İran əlaqələrini bundan sonra da uğurla inkişaf etdirmək və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdır. Qarşılıqlı təmasların davamlı olmasının önəmini qeyd edən Prezident İlham Əliyev İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin Azərbaycana böyük nümayəndə heyəti ilə səfərinin regionlararası və ölkələrarası münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını dedi.

İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, dövlət müstəqilliyinin 25 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. İlk dəfə ölkəmizə 1990-cı və 1991-ci illərdə səfər etdiyini vurğulayan Ərdəbil Əyalətinin valisi həmin səfər zamanı Bakıda, Sumqayıtda və Naxçıvanda olduğunu dedi və ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu bildirdi. Məcid Xudabəxş ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülən böyük işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusi olaraq vurğuladı. Budəfəki səfərləri zamanı da Sumqayıt şəhərinə getdiklərini və burada da sürətli inkişafın şahidi olduqlarını qeyd edən Məcid Xudabəxş Sumqayıtla Ərdəbilin qardaşlaşmış şəhərlər olması ilə bağlı qərar qəbul etdiklərini məmnunluqla bildirdi.

Görüşdə ölkələrimizin ayrı-ayrı regionları arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır