RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladı.

Təhsil sahəsində əlaqələrin ənənəvi xarakter daşıdığına toxunan dövlətimizin başçısı bildirdi ki, çox mühüm olan odur ki, ötən 25 il ərzində ölkələrimiz bu ənənələri nəinki qorudu, hətta daha da möhkəmləndirdi. Prezident İlham Əliyev bunun həm orta, həm də ali təhsil sahələrini əhatə etdiyini dedi. Rusiya təhsil ocaqlarında azərbaycanlı tələbələrin təhsil aldıqlarını qeyd edən dövlətimizin başçısı artıq Azərbaycanda da Rusiya ali məktəblərinin təhsilini almaq imkanı olduğunu vurğuladı. Rusiyanın iki ali təhsil müəssisəsinin filiallarının Azərbaycanda uğurla fəaliyyət göstərməsinin önəmini qeyd edən dövlətimizin başçısı nazirin ölkəmizdə olduğu müddətdə bu proseslərlə yaxından tanışlıq imkanı olacağını dedi. Prezident İlham Əliyev ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təhsil nazirlikləri arasında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva dedi: “Gözəl ölkənizə, gözəl paytaxtınıza səfər etmək üçün yaratdığınız imkana görə minnətdarlığımı bildirirəm”.

Prezident İlham Əliyevin fikirlərinin təsdiqi olaraq Olqa Vasilyeva öz növbəsində təhsil sahəsində ənənəvi əməkdaşlığımızın hazırda da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında orta, ali və elmi təhsil sahəsində əlaqələrə toxunan rusiyalı nazir Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurla fəaliyyət göstərdiyini dedi. Rus dilinin inkişafı məsələlərinə toxunan nazir bunu ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirdi. Xanım Olqa Vasilyeva qeyd etdi ki, Azərbaycanda, o cümlədən rus dilində təhsil aparılan məktəblərdə oxuyan xeyli sayda şagirdlərin olduqları nəzərə alınaraq, məsələn, Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində filoloji qrupun açılması təklif olunur.

Görüşdə Azərbaycanda rus dilinin və Rusiya Federasiyasında azərbaycanlıların sıx yaşadıqları ərazilərdə Azərbaycan dilinin tədrisinə texniki dəstək göstərilməsinin vacibliyi qeyd olundu, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Bakıda keçiriləcək konfransının əhəmiyyətindən danışıldı, universitetlərarası əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olundu.

Söhbət zamanı ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində kadr hazırlığı ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi qeyd edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır