RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin müdafiə, mədəniyyət və turizm nazirlərinin başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Türkiyə Respublikasının müdafiə naziri Fikri İşıqın, mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, müdafiə naziri Fikri İşıq, mədəniyyət və turizm naziri Nabi Avcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdılar.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında müdafiə, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətindən danışıldı.

Söhbət zamanı, ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Son vaxtlar turizm sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə turistlərin sayının artdığı qeyd edildi, Türkiyənin bu sahədə zəngin təcrübəyə malik olmasının əhəmiyyəti diqqətə çatdırıldı. Dünya Turizm Günündə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının ölkəmizə səfərinin önəmi vurğulandı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır