RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev UEFA prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı tədbirlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Aleksander Çeferini UEFA prezidenti seçilməsi münasibətilə təbrik etdi və onun bu posta seçildikdən az sonra Azərbaycana səfər etməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanda futbolun inkişafına böyük əhəmiyyət verildiyini bildirərək, bu məqsədlə ölkəmizdə yeni stadionların tikildiyini, uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlandığını qeyd etdi və gənclər və uşaqlar üçün yaradılan şəraitin bir neçə ilə yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu diqqətə çatdırdı.

UEFA prezidenti Aleksander Çeferin ölkəmizə ilk dəfə səfər etdiyini, səfər proqramının zəngin olduğunu, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Qəbələ-Maynz oyununu izlədiyini və oyunun yaxşı keçdiyini dedi.

Ölkəmizə səfər etməsindən məmnunluğunu vurğulayan Aleksander Çeferin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının böyük işlər gördüyünü, bu işləri yaxından izlədiklərini qeyd etdi. O, öz ölkəsində - Sloveniyada futbol sahəsində görülən işlərin tədricən nəticə verdiyini, bunun üçün gənclər və uşaqlarla işləməyin vacibliyini vurğuladı. UEFA prezidenti Azərbaycanda təşkilatçılıq işlərindən məmnunluğunu bildirdi, infrastrukturun mükəmməl və çox yüksək səviyyədə olduğunu dedi.

Dövlətimizin başçısı dünən UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Qəbələ-Maynz oyununa toxunaraq Qəbələ futbol klubunun gənc komanda olmasına baxmayaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını böyük uğur kimi dəyərləndirdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır