CƏMİYYƏT
Azərbaycan Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına böyük önəm verir
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyevin siyasəti: milli-mənəvi dəyərlərimizin qorunması və multikultural dəyərlər" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən DQİDK-nın sədrinin müavini Gündüz İsmayılov tədbirin mahiyyətindən, ölkəmizin multikultural dəyərlərindən, dini icmalara göstərilən dövlət qayğısının əhəmiyyətindən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin bütün istiqamətlərdə olduğu kimi, dövlət-din sahəsində də həyata keçirdiyi siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır. O deyib ki, Prezident İlham Əliyevin dövlət-din, milli-mənəvi dəyərlərin qorunması siyasətinin əsasını azərbaycançılıq ideologiyası təşkil edir. İslam bizim milli məfkurəmizin, ideologiyamızın, milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Milli-mənəvi dəyərlər dedikdə İslamdan qaynaqlanan, kökü İslama bağlı olan dəyərlər nəzərdə tutulur. İslam bizim üçün təkcə din, şəriət deyil, eyni zamanda, mədəniyyət, mənəviyyat deməkdir. Azərbaycanın başqa xalqlardan, ölkələrdən fərqləndirən cəhətlərindən biri odur ki, biz din dedikdə bütün dini konfesiyaları nəzərdə tuturuq. Ölkəmizdə din dedikdə təkcə İslam deyil, digər dinlər də nəzərdə tutulur.
DQİDK-nın sədrinin müavini qeyd edib ki, ölkədə milli-mənəvi dəyərlərin qorunmasına, bu sahənin dövlətin himayəsi altında inkişaf etdirilməsinə 1993-cü ildən başlanılıb. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazası formalaşdırılıb.
Azərbaycan dünyəvi dövlət olsa da, dövlətimiz bütün dinlərə eyni münasibət sərgiləyir. Multikultural dəyərlərə sahib olmayan cəmiyyətdə sabitliyin olması mümkün deyil.
Qeyd edilib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda və dünyada dini abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirib. Gündüz İsmayılov deyib ki, DQİDK-nin təşkilatçılığı ilə “Multikulturalizm ili”ndə beynəlxalq səviyyəli konfranslar keçirilib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsini təqdim edir. Ölkəmiz dünyada sülhü təbliğ edir. Çünki cəmiyyətimizdə müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri birgə yaşayır və fəaliyyət göstərirlər. O deyib ki, ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyada yüksək mədəniyyətə malik və tolerant dövlət kimi tanınır.
Azərbaycanın dünyada söz, nüfuz sahibi olduğunu deyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurulla bildirib ki, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər dinlərə və mədəniyyətlərə dözümlü münasibət yaşam və həyat tərzinə çevrilib. Ölkəmizdə müxtəlif millətlərin, dini konfessiyaların birgə yaşaması nadir nümunədir. Biz uzun illərdir birgə yaşayırıq. Bu bizim sərvətimiz və nemətimizdir. Müasir dövrdə də ölkəmizdə bu zəngin ənənə qorunub saxlanılaraq uğurla davam etdirilir.
Tədbirdə digər çıxış edənlər də Azərbaycanda dövlətin dinə qayğısından, milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndirilməsi istiqamətindən görülən işlərdən və bu sahədə qarşıda duran məsələlərdən danışıblar.