RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin təkbətək görüşü [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

-Bir daha xoş gəlmisiniz, hörmətli cənab Prezident. Sizi ürəkdən salamlayıram. Çox şadam ki, biz Sizinlə tez-tez görüşürük. Bu ilin fevral ayında mən İranda rəsmi səfərdə idim. İndi Siz bizim qonağımızsınız. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, bizim əlaqələrimiz necə sürətlə inkişaf edir. Bu gün səfər çərçivəsində bir çox məsələlər müzakirə ediləcək və əminəm ki, nəticələr də yaxşı olacaq. Bir daha xoş gəlmisiniz.

İran Prezidenti Həsən RUHANİ dedi:

- Bir daha bu gözəl şəhərdə, xüsusilə Azərbaycan xalqı ilə görüşdüyümə görə çox şadam. Şübhəsiz ki, bizim əlaqələrimiz səmimiyyətlə və uğurla inkişaf edir. Zati-alilələrinin Tehrana səfəri çox uğurlu səfər idi və çox düzgün addımlar atılmışdı. Ümid edirəm ki, münasibətlərin genişləndirilməsi üçün bu səfərdə yeni addımlar atılacaq. Yaxşı münasibətlərimiz həm ikitərəfli, həm də regional çərçivədə çox əhəmiyyətlidir, müsbət haldır.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır