REGİONLAR
Azərbaycan Prezidenti Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Qax rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi, “İçəribazar” qala kompleksi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün 68 mənzilli 3 yaşayış binası inşa edilib, Mərkəzi Rayon Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi, Uşaq-Gənclər Şahmat İdman Məktəbi əsaslı təmir olunub, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, şəhərin su təchizatı sistemi yenidən qurulub, iri istehsal müəssisələri yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.