SİYASƏT


Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunun saytında verilən məqaləsi İtaliya mətbuatının diqqət mərkəzində

A+ A

Roma, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında verilən “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi İtaliyanın bir sıra kütləvi informasiya vasitələri, o cümlədən “Globalist” xəbər portalı, “Notizie Geopolitiche” onlayn qəzeti, “Scenari Internazionali” onlayn jurnalı, “Andradelab” analitik-informasiya portalı tərəfindən yayılıb.

Məqalədə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrasının ölkənin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət etdiyi bildirilir. Dövlət başçısı Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən enerji layihələri, tranzit potensialının reallaşdırılması, sənayenin inkişafı məqsədilə sənaye parklarının və zonalarının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verir.

Prezident qlobal iqtisadi böhran proseslərinin Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərdiyini, gəlirlərin azaldığını, lakin adekvat addımlarla bu çətinliklərin öhdəsindən uğurla gəlindiyini diqqətə çatdırır. Daha dayanıqlı inkişafa nail olmaq üçün “Strateji Yol Xəritəsi”nin təsdiqləndiyi, struktur, institusional, pul-kredit, maliyyə və digər istiqamətlərdə dərin islahatlar aparıldığı, vergi və gömrük sahəsində idarəetmənin təkmilləşdirildiyi, bütün sahələrdə şəffaflığın təmin edildiyi vurğulanır.

Məqalədə Azərbaycandakı multikulturalizm və tolerantlıq, ölkəmizin idman sahəsində qazandığı nailiyyətlər, beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi barədə də ətraflı məlumat verilir.

“Mən əminəm ki, 2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslərin maliyyələşdirilməsini artıracağıq”, - deyə dövlət başçısı məqalədə qeyd edir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.