SİYASƏT
Azərbaycan Prezidentinin Fransaya səfəri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcək
Bakı, 15 mart, AZƏRTAC
Prezident İlham Əliyevin Fransada keçirdiyi görüşlər birmənalı şəkildə sübut edir ki, Azərbaycan dünyanın fəal ölkələrindən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dövlətimizin başçısının Fransaya rəsmi səfərini şərh edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələr ölkəmizin iqtisadiyyatının inkişafına, onun şaxələndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin görüşlərindən biri də MEDEF biznes şurasının üzvləri ilə oldu. Fransanın 800 mindən çox şirkəti bu qurum vasitəsilə idarə olunur. Prezident görüşlərində bir daha vurğuladı ki, Azərbaycan investisiya mühiti cəhətdən ən yüksək reytinqə malik ölkələrdən biridir. Son illərdə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox vəsait qoyulub. Əgər investisiya mühiti yaxşı olmasaydı, sahibkarlıq üçün şərait yaradılmasaydı, təbii ki, heç bir sahibkar, investor Azərbaycana bu qədər vəsait qoymazdı.
Ziyad Səmədzadə əminliyini bildirib ki, Prezidentin Fransada keçirdiyi görüşlər Azərbaycan-Fransa əlaqələrinin daha da inkişafına təkan verəcək. Hazırda Fransa tərəfindən Azərbaycana iki milyard dollardan çox vəsait qoyulur. Amma müzakirələr əsasında bəyan edildi ki, bu, kifayət deyil. Azərbaycan iqtisadiyyatına daha çox investisiya qoymaq olar. Çünki bu işdə Fransa şirkətləri özləri maraqlıdırlar. Əlverişli coğrafi mövqeyə malik olan, irimiqyaslı enerji layihələri həyata keçirən ölkə ilə əməkdaşlıq etmək təbii ki, bütövlükdə Avropa üçün, eyni zamanda, Fransa üçün böyük əhəmiyyət kəsb edir.