CƏMİYYƏT


Azərbaycan Prezidentinin Sərəncamı ilə gənclərin layihələrinin maliyyələşdirilməsinə üç milyon manat ayrılıb

Bakı, 19 aprel, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda yeniyetmə və gənclərin fəal vətəndaş kimi formalaşmasına, intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına yönəlmiş layihələrin reallaşmasına kömək göstərmək məqsədilə 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradıldığı xatırladılır.

Bildirilir ki, Azərbaycanda ilk dəfə olaraq layihələrin elektron qəbulu sistemini tətbiq edən, gənclər təşkilatları ilə yanaşı 16-29 yaşlı fiziki şəxsləri də dəstəkləyən Fond indiyədək 9 qrant müsabiqəsi keçirib, 3300-dən artıq layihə təklifini maliyyələşdirib. Həmin layihələrin üçdə biri gənclər təşkilatlarına, qalan hissəsi isə respublikamızın müxtəlif bölgələrində yaşayan, istedadı və ictimai fəallığı ilə seçilən fərdlərə məxsus olub. Reallaşdırılan layihələr ilk növbədə on minlərlə gəncin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etməyə yönəlib. Fond fəaliyyəti dövründə yüzlərlə Azərbaycan gəncinin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə də şərait yaradıb. Bütün layihələrin icrasına 5 il ərzində 19 milyon manatadək vəsait ayrılıb.

Qrant müsabiqələrində şəffaflığın təmin olunması, monitorinq və hesabatlılıq sisteminin effektiv təşkili, maliyyələşdirilən layihələrin səmərəli icrası Fonda maraqlı təşəbbüslərlə müraciət edənlərin sayının ilbəil artmasına səbəb olub.

İctimai əhəmiyyət kəsb edən innovativ ideyaların və yaradıcı təşəbbüslərin dəstəklənməsinin davam etdirilməsi məqsədilə imzalanan Sərəncama əsasən gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin təqdim etdikləri layihələrin maliyyələşdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna üç milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.