ELM VƏ TƏHSİL
Azərbaycan Prezidentinin Sərəncamından bu il təxminən 70 min gənc faydalanacaq
Bakı, 28 fevral, M.Dadaşov, AZƏRTAC
Builki qəbul qaydalarına əsasən, biz abituriyentlərə qəbul imtahanında iştirak üçün bir dəfə deyil, I-IV qruplarda iki dəfə imtahan vermək imkanı yaratmışıq. Gələcəkdə ola bilsin ki, belə imkanlar artsın və ildə 2-3 dəfə qəbul imtahanları keçirək.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 28-də keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə qeyd edib ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamından bu il təxminən 70 min gənc faydalanacaq. Bu sənəd gənclərin imtahanda iştirakına çox müsbət təsir göstərəcək, onların təhsil almasına böyük təkan verəcək. Təbii ki, bu ilin məzunlarının hamısı qəbul imtahanlarında iştirak üçün ilk dəfə müraciət edənlər sırasında olacaq.