SİYASƏT


Azərbaycan Prezidentinin apardığı əsaslı islahatlar dövründə vətəndaşların müraciətlərinə diqqət yenə ön plandadır

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycanın hər günü, hər ayı, hər ili müstəqillik tariximizin şanlı səhifəsinə çevrilir, ölkəmizin iqtisadi qüdrəti artdıqca onun müdafiə qabiliyyəti də, beynəlxalq nüfuzu da yüksəlir, vətəndaşların həyat səviyyəsi, güzəranı, sosial müdafiəsi güclənir, onların qayğı və problemlərinə dövlətin diqqəti daha da çoxalır. Artıq tarixə qovuşmuş 2016-cı ildə Azərbaycan xalqını daha çox sevindirən, düşündürən, narahat edən məsələləri, onun arzu və istəklərini əks etdirən vətəndaş müraciətlərinə baxılması haqqında geniş məlumat vermək, bu sahədə görülən vacib işləri və yenilikləri şərh etmək üçün AZƏRTAC Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun geniş təhlili materialını oxucuların diqqətinə çatdırır. 

25 illik zəfər yolunun yekunları və

 müstəqilliyimizi əbədiləşdirən inkişafımız 

Müstəqilliyimizi əbədiləşdirən zəfər yolunun şanlı səhifələrindən biri olan 2016-cı ili səciyyələndirən əsas cəhətləri sadalayarkən, ilk növbədə, müstəqilliyimizin 25 illik yubileyini, bu şərəfli yolda əldə olunmuş nailiyyətlərimizin yekununu, Azərbaycan multikulturalizminin təntənəsini, tarixi aprel döyüşlərinin millətimizə bəxş etdiyi böyük qürur və inamı, xalqının böyük məhəbbətini və ehtiramını qazanmış, dünya siyasətçiləri və ictimai xadimləri arasında öz siyasəti ilə böyük nüfuz sahibi olmuş hörmətli Prezidentimizin 55 illik yubileyini göstərməliyik. 

Cəmi 25 il ərzində ən azı bir əsrlik inkişaf yolu keçən Azərbaycan müstəqilliyinin ildönümünü bütün sahələrdə heyrətamiz uğurlar qazanan, sürətlə yeniləşən dünyanın aparıcı dövlətləri sırasında öz layiqli yerini tutan, bu illər ərzində böyük çətinlikləri dəf edərək istər regionda, istərsə də dünyada öz sözünü deyə bilən, tam müstəqil siyasət yürüdən, bütün xarici təzyiqlərə sinə gərərək öz yolunu düzgün seçən və böyük uğurlara imza atan bir dövlət kimi qarşılamışdır.

2016-cı ildə dünyada iqtisadi çətinliklər və böhran davam etsə də, Azərbaycanın bu böhrandan uğurla çıxması, öz imicini qoruyub saxlaması, ölkənin gözəl gələcəyinə təminat verən əsas layihələri inamla davam etdirməsi olduqca sevindiricidir. Lakin ötən ilin ən əhəmiyyətli və səciyyəvi cəhəti budur ki, ölkəmizin tarixinə böyük siyasi və iqtisadi islahatlar ili kimi düşmüşdür və bu islahatların bizi daha böyük uğurlara, daha etibarlı gələcəyə aparacağına heç bir şübhə yoxdur.

Azərbaycan Respublikası praqmatik, gələcəyin hədəflərini çox düzgün seçməyi bacaran, özünü uzaqgörən siyasətçi kimi təsdiq etmiş Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi islahatlarla çoxlarını heyrətə salmışdır. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərin əsas səbəbini ulu öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiləşməsinə yönəldilmiş siyasətinin onun layiqli varisi İlham Əliyev tərəfindən böyük qətiyyətlə davam etdirilməsində, bu siyasətin mütəmadi olaraq müasir dövrün çağırışlarına uyğun surətdə yeni ideyalar və konsepsiyalarla zənginləşdirilməsində axtarmaq lazımdır. Məhz bu siyasət nəticəsində son 10-15 ildə ölkənin iqtisadi potensialı və müdafiə qüdrəti dəfələrlə artmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik illərinin əsas nailiyyətlərini bu mühüm hadisənin 25 illiyinə həsr olunmuş rəsmi qəbulda və digər tədbirlərdəki çıxışlarında qeyd edərək göstərmişdir ki, təkcə 2003-cü ildən sonrakı dövrdə ölkənin iqtisadiyyatı 3 dəfə artmış, təxminən 50 faiz həcmində olan yoxsulluq 5 faizə enmiş, həyata keçirilən dövlət proqramları əsasında respublikanın bütün bölgələri canlanmış, əhalinin güzəranı qat-qat yaxşılaşmış, 26 elektrik stansiyası, 4 su anbarı tikilmiş, 11 min kilometr avtomobil yolu çəkilmiş, ölkə ərazisinin 92 faizi qazlaşdırılmış, onlarla yeni müəssisə açılmışdır. Həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycanda son 13 il ərzində 3 mindən çox məktəbin, 600-dən çox tibb ocağının, 40-dan artıq Olimpiya idman mərkəzinin, saysız-hesabsız digər idman qurğularının yaradılmasına imkan vermişdir. Ümumən müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox vəsait qoyulmuşdur.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsi, 2006-2007-ci illərdə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə ixrac olunan neft və qazın hesabına formalaşmış böyük maliyyə ehtiyatlarından səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və gücləndirilməsinə, yeni sənaye sahələrinin yaradılmasına, ən yeni texnologiyalar əsasında müasir tələblərə cavab verən məhsulların istehsalının təşkilinə, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün təsirli tədbirlər görülməsinə şərait yaratmışdır.

Azərbaycan böyük nəqliyyat dəhlizlərinin qovuşduğu bir ölkə olaraq özünün geniş logistika imkanlarından səmərəli istifadə edir, yaratdığı nəqliyyat və kommunikasiya bazasından, infrastrukturundan bəhrələnir və yaxın gələcəkdə ölkə iqtisadiyyatına bunun çox müsbət təsiri hiss olunacaq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasında böyük rol oynayır, Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın vaxtlarda istifadəyə verilməsi ilə onun rolu daha da yüksələcək, Avropa ilə Asiyanı birləşdirəcək. Eyni zamanda, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi, Almaniyanın Frankfurt şəhərindən Çinin Honq-Konq bölgəsinə qədər uzanan fiberoptik internet xəttinin çəkilməsi də tranzit ölkə kimi Azərbaycana böyük dividendlər gətirəcəkdir.

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ötən 2016-cı ildə də “Cənub Qaz Dəhlizi”, “Şahdəniz-2”, xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihələrinin reallaşması üçün böyük işlər görülmüş, bu nəqliyyat dəhlizi üzrə Azərbaycan öz üzərinə düşən bütün işləri cəmi 8 ay ərzində yerinə yetirmişdir. İndi respublikamızda kosmik sənaye yaradılmışdır, yeni peykimizin kosmosa buraxılmasına hazırlıq işləri görülür və bu da Azərbaycanın kosmik dövlətlər ailəsində möhkəmlənməsinə, ölkəmizdə müasir texnologiyaların inkişafına kömək edəcək, həmin sahəni böyük gəlir mənbəyinə çevirəcək.

Ölkəmizin beynəlxalq əlaqələri hər sahədə sürətlə inkişaf edir. Ötən 25 ildə Azərbaycan dünyanın 177 ölkəsi ilə diplomatik münasibətlər qurmuş, xarici əlaqələri 2016-cı ildə daha da genişləndirmiş və beynəlxalq aləmdə çox etibarlı, ləyaqətli tərəfdaş kimi öz imicini qoruyub saxlaya bilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ötən il əldə olunmuş nailiyyətlərlə yanaşı, yaşanmış çətinlikləri də qeyd edərək göstərmişdir ki, ölkənin iqtisadiyyatı üçün 2016-cı il ən ağır illərdən biri olmuşdur. Lakin neftin qiymətinin dünya bazarlarında 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycan ciddi islahatlar aparmaqla belə bir vəziyyətdən çıxış yolu tapa bilmişdir.

Azərbaycan Prezidenti hələ 2016-cı ilin əvvəlində Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirmişdi: “Bu il biz struktur islahatları aparmalıyıq. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır... çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır... Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaqdır”.

2016-cı ildə bu islahatlar geniş vüsət almış, dövlət başçısının imzaladığı 378 qanun, 465 fərman və 913 sərəncamda ölkə həyatı üçün böyük əhəmiyyət daşıyan struktur islahatları da öz əksini tapmışdır. Qəbul edilmiş aktların bir qismi bilavasitə dövlət idarəetmə orqanlarının strukturunun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması barədə olmuşdur.

2016-cı ilin əsas hadisələrindən biri də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi olmuşdur. Azərbaycan xalqının təqdim olunan dəyişikliklərə yekdilliklə səs verməsi onun ölkə Prezidentinin siyasətinə münasibətini əks etdirmişdir. Beynəlxalq təşkilatların yaxından iştirakı və müşahidəçiliyi ilə keçirilən referendumun yekunlarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 23 maddəsində dəyişiklik edilmiş, 6 yeni maddə əlavə olunmuşdur. Dəyişikliklərin çoxu insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin yaxşılaşdırılması, demokratiyanın gücləndirilməsi məqsədi daşımışdır.

Ölkə Prezidenti referendumun ən yüksək demokratik prinsiplər əsasında keçirildiyini qeyd edərək demişdir: “... kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki, şəffaf referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər”. Ölkə Prezidenti xalqın dəstəyindən güc aldığını vurğulayaraq, hazırda yeridilən siyasətə alternativin olmadığını qeyd edir və bildirir: “Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz”.

2016-cı ilin yekunları göstərir ki, Azərbaycan Prezidenti düzgün və düşünülmüş siyasətini davam etdirməklə ölkəmizdə inkişafın dayanıqlı olmasını təmin etmiş və əhalinin sosial rifahının pisləşməsinə imkan verməmişdir. 2016-cı ildə Azərbaycan yenə regionun əsas iqtisadi güc mərkəzi olmuş, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil etmişdir. Sevindirici haldır ki, ümumi daxili məhsulun 65,7 faizi qeyri-neft sektorunun payına düşmüşdür.

Respublika Prezidenti Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının və 2016-cı ilin yekunlarına həsr olunmuş iclaslarında ötən ilin nailiyyətləri, əldə olunmuş qələbələr barəsində ətraflı məlumat vermiş və ölkənin qarşısında duran vəzifələri geniş şərh etmişdir. Azərbaycan Prezidenti 2016-cı ilin yekunlarından bəhs edərkən böhranlı ildə ölkədə kənd təsərrüfatının 2,6 faiz, qeyri-neft sənayesinin 5 faiz artdığını xüsusi qeyd etmiş, ölkənin əsas inkişaf dinamikasını göstərən bu sahələrin yüksəlişini müsbət qiymətləndirmişdir.

2016-cı ildə ölkə iqtisadiyyatının yeni sahələrinin yaradılması üçün ciddi tədbirlər görülmüş, xüsusilə sahibkarlığın inkişafına böyük yardım göstərilmiş, təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1815 sahibkara 120 milyon manatdan artıq güzəştli kredit verilmişdir.

Ötən il Azərbaycan iqtisadiyyatına 11,7 milyard dollar investisiya qoyulmuşdur və bu investisiyanın 8 milyardı xarici, 3,7 milyardı isə daxili investisiya olmuşdur. Dünya iqtisadiyyatının dərin böhran keçirdiyi dövrdə respublika üzrə adambaşına düşən investisiyaların həcmi nəinki qonşu dövlətlərdən, digər dünya ölkələrindən də xeyli yüksəkdir.

Təbii ki, bu iqtisadi nailiyyətlər respublikamızda mövcud olan sabitliyin və əmin-amanlığın nəticəsidir. Dövlətimizin başçısı haqlı olaraq qeyd edir: “Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir... Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir... Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”. Diqqətə çatdırmaq lazımdır ki, bütün bu qələbələrin əsas təminatçısı ölkə Prezidenti və onun ardıcıl, davamlı surətdə həyata keçirilən siyasətidir.

Azərbaycanın qazandığı nailiyyətləri dünya maliyyə qurumları da etiraf edir və müxtəlif reytinq cədvəllərində Azərbaycanın getdikcə irəliləməsi bunu bir daha təsdiq edir. Məsələn, Dünya Bankının “Doing Business 2017” hesabatında Azərbaycan 65-ci yerdədir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə isə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 37-ci pilləyə qalxmışdır. Bu da bütün MDB məkanı üzrə ən yüksək yerdir. Həmçinin Forumun “İnklüziv Artım və İnkişaf 2017” hesabatında Azərbaycan İnklüziv İnkişaf İndeksi üzrə inkişaf etməkdə olan 79 ölkə arasında Litvadan sonra 2-ci yerdə qərarlaşmış və hesabatda stabil ölkələr siyahısındadır.

2016-cı ildə də iqtisadi siyasətimiz sosialyönümlü olması ilə seçilib. Təkcə onu qeyd etmək lazımdır ki, bütün sosial məsələlərin həllinə nail olunmuş, 100 mindən çox iş yeri açılmış, maaşlar 7, pensiyalar 8 faiz artmış, vətəndaşlara verilən sosial yardımlar xeyli yüksəlmiş, bu sahədə əhalinin gəlirlərinə və sosial vəziyyətinə uyğun olaraq müvafiq qərarlar qəbul edilmişdir. Sosial infrastruktur layihələrinin icrası davam etdirilmişdir. Keçən il 485 məktəbin təmiri, 29 yeni məktəbin, 41 xəstəxananın tikintisi və ya təmiri buna əyani sübutdur. Əhalinin bütün təbəqələrinin, xüsusilə aztəminatlı ailələrin həyat və mənzil şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülmüş və görülməkdədir.

Azərbaycanda regionların inkişafı daim diqqət mərkəzindədir. Təkcə regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində 2004-cü ildən indiyədək 39,5 milyard manat vəsait xərclənmiş, böyük layihələr həyata keçirilmişdir və keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il ərzində respublikanın bölgələrinə 23 dəfə, bəzi rayonlara hətta iki dəfə səfər edərək 64 yeni obyektin açılışında iştirak etmişdir. Bu səfərlərin hər biri həmin bölgələrdə böyük əks-səda doğurmuş, xalqın öz Prezidentinə inamının və xalqla iqtidar arasında möhkəm birliyin nümayişinə çevrilmişdir.

Respublikanın bölgələrinin sosial infrastrukturunun yenilənməsi, yerlərdə müasir tələblərə cavab verən sənaye, kənd təsərrüfatı, turizm və digər təyinatlı obyektlərin inşası nəticəsində yeni iş yerlərinin açılmasına xüsusi əhəmiyyət verən ölkə Prezidentinin ötənilki çoxsaylı səfərləri arasında Azərbaycan Ordusunun 2016-cı ilin aprelində düşmən işğalından azad etdiyi ərazilərə səfərlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan xalqının böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuş aprel zəfəri Qarabağ probleminin həllində yeni dönüş nöqtəsi sayıla bilər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ordumuzun layiqli əks-hücum əməliyyatı nəticəsində erməni hərbi təxribatının qarşısı kəskin şəkildə alınmış, düşmənin güclü ordu mifi darmadağın edilmiş, minlərlə hektar torpağımız işğaldan azad olunmuşdur. Azərbaycan Prezidenti böyük qürurla demişdir: “Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir”.

Azərbaycan Prezidenti respublika Nazirlər Kabinetinin 2017-ci il yanvarın 10-da keçirilən iclasında ölkəmizin Dağlıq Qarabağ məsələsində qəti və dönməz mövqeyini bir daha ifadə edərək düşmənə ciddi xəbərdarlıq etmiş, Azərbaycanın qarşısında ermənilərin heç bir həftə də duruş gətirə bilməyəcəklərini demiş, aprel döyüşləri zamanı xalqımızın nümayiş etdirdiyi birliyi xüsusi vurğulamışdır: “Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir. ... Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. ... Biz məsələni istədiyimiz kimi həll edəcəyik”.

Dövlətimizin mövqeyinin düzgün və ədalətli olduğunu bütün dünya ictimaiyyəti açıq və ya dolayısı ilə təsdiqləyir, Azərbaycanın qələbə qazanacağına heç bir şübhə yoxdur, hətta ermənilərin özləri də bunu etiraf edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” bu il yanvarın 24-də imzaladığı Sərəncam isə düşmənlərimizi əsl vahiməyə salmışdır, bu gün Cocuq Mərcanlı kəndi barədə Sərəncam verilirsə, sabah Şuşanın bərpası ilə bağlı Sərəncam veriləcəyini artıq özləri açıq bildirirlər. Xalqımız isə cənab Prezidentin bu tarixi Sərəncamını böyük qayıdışın başlanğıcı hesab edir.

2016-cı ildə Azərbaycanın beynəlxalq nüfuzunun artmasında respublikamızda keçirilən çoxsaylı beynəlxalq forumların, toplantıların, eləcə də idman yarışlarının böyük rolu olmuşdur. Bu baxımdan, Formula-1 yarışlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır və bunu ölkə Prezidenti də öz çıxışlarında diqqətə çatdırmış, milyonlarla insanın izlədiyi bu yarışların ölkəmizin dünyaya tanıdılmasında böyük əhəmiyyət daşıdığını göstərmişdir.

Ötən il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının və digər beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi dünya mətbuatında Azərbaycana əvvəlki illərdən qat-qat artıq yer ayrılmasına səbəb olmuşdur. Hazırda Amerikanın, Avropanın, MDB-nin, eləcə də Şərq ölkələrinin aparıcı televiziya və xəbər agentlikləri Azərbaycanın böyük uğurlarından, iqtisadi, siyasi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən geniş söhbət açır, Azərbaycan inkişaf modelini nümunə göstərirlər.

Dünya mətbuatında Azərbaycanın sürətli iqtisadi inkişafına, onun Avropa və İslam dəyərlərini sintez edərək tam müasir cəmiyyət qurmasına, mövcud olan və bütün dünyaya nümunə sayıla biləcək tolerantlığına, Azərbaycan multikulturalizminə, öz coğrafi mövqeyindən bacarıqla istifadə edərək böyük tranzit ölkəsinə çevrilməsinə, dünya iqtisadiyyatının inteqrasiyasında körpü rolu oynamasına xüsusi yer ayrılmaqla bərabər, Azərbaycan Prezidentinin, onun ailə üzvlərinin, xüsusilə Mehriban xanım Əliyevanın humanitar fəaliyyətinə böyük diqqət yetirilir. Azərbaycanın birinci xanımının ictimai-siyasi və humanitar fəaliyyəti həm dünyanın əksər ölkələrində, həm də respublika əhalisinin bütün təbəqələri arasında son dərəcə yüksək qiymətləndirilir.

Azərbaycan dünya miqyasında sabit, tolerant, sivil, demokratik bir dövlət kimi tanınır ki, bu da ölkəmizin gələcək inkişafına, investisiya və digər sahələr üzrə cəlbedici olmasına, etibarlı tərəfdaş kimi qəbul edilməsinə müsbət təsir göstərir. 

Düşünülmüş antiböhran tədbirləri və təkmilləşdirilən qanunvericilik bazası

 vətəndaşların problemlərinin daha yaxşı həllinə imkan yaradır

 2016-cı ili böyük siyasi və iqtisadi islahatlar ili kimi səciyyələndirərkən il ərzində ölkə Prezidentinin imzaladığı qanun, fərman və sərəncamlarla davam etdirilmiş struktur dəyişikliklərini, idarəetmə sisteminin və mövcud qanunvericilik bazasının təkmilləşdirilməsini, həmçinin ölkənin gələcək inkişaf hədəflərinin müəyyən edildiyi yol xəritələrini xüsusi qeyd etməliyik. 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” əsasında 12 əsas sektor üzrə strateji yol xəritələrinin layihələri hazırlanmışdır. Bu xəritələr 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əks etdirir. Azərbaycan Prezidentinin ötən il dekabrın 6-da imzaladığı Fərmanla artıq bu mühüm sənədlərin icrasına start verilmişdir.

2016-cı ildə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə əlaqədar bir çox idarə və təşkilatların strukturunda dəyişikliklər edilmiş və ilk dəfə olaraq publik hüquqi şəxslər yaradılaraq, aparılan iqtisadi islahatların sürətləndirilməsinə təkan verilmişdir. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 14 noyabr tarixli Fərmanı ilə respublikanın yeni idarəetmə strukturları yaradılmış, bir sıra icra hakimiyyəti orqanları publik hüquqi şəxslərə çevrilmişdir. Belə publik hüquqi şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyidir. Aparılan struktur dəyişiklikləri dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, ilk növbədə, xalqın mənafeyi üçündür.

2016-cı ildə təkcə struktur islahatları deyil, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində də ciddi addımlar atılmış, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsi, bank sisteminin təkmilləşdirilməsi və digər sahələr üzrə qanunvericilik aktlarının müasir dünya standartlarına uyğunlaşdırılması davam etdirilmişdir. Dövlətimizin başçısı Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi sahəsində qanunvericiliyin müntəzəm təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. 2015-ci ilin noyabrında “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu və bu Qanunun tətbiqi barədə Fərmanı imzalayan ölkə Prezidenti “Vətəndaşların müraciətlərinə baxılması haqqında” 1997-ci ildən qüvvədə olan əvvəlki Qanunun xeyli təkmilləşdirilməsi və yeni Qanundan irəli gələn digər normativ hüquqi aktların qəbul edilməsi barədə tapşırıq vermişdir.

Həmin Qanundan irəli gələn və qanunun tətbiqi barədə Fərmanda verilmiş tapşırıqlara uyğun olaraq, bir sıra vacib normativ hüquqi aktların layihələri hazırlanmış və onlar dövlət başçısı tərəfindən təsdiq edilmişdir. Bu aktlarla vətəndaşların müraciətlərinə aid qanunun tələblərini pozan şəxslərin məsuliyyəti müəyyən olunmuşdur. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa və digər aktlara müvafiq dəyişikliklər edilmişdir. Yeni qəbul olunmuş aktlar sırasında, ilk növbədə, 2016-cı il 23 iyun tarixli Fərmanla təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” qeyd olunmalıdır. 1998-ci ildə təsdiq olunmuş əvvəlki qaydalardan fərqli olan bu qaydalarda bir çox yeniliklər tətbiq edilmiş və onlar artıq özünü doğrultmaqdadır.

Həmçinin 2016-cı il 23 iyun tarixli digər Fərmanla göstərilən qurumlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası təsdiq edilmişdir. Həmin Qayda əsasında vətəndaşların qəbuluna və müraciətlərinə baxılmasına nəzarətin yeni normaları müəyyən edilmiş, burada vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin təklif, ərizə və şikayətlərinin qəbulu, baxılması, cavablandırılması və arxivləşdirilməsi ilə bağlı məsələlərə nəzarətin həyata keçirilməsi tənzimlənmişdir. Bu Qaydaya görə, təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarəti Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi səyyar və kameral üsulla həyata keçirir. Qaydada göstərildiyi kimi, kameral nəzarət yerlərə getmədən alınmış hesabat, məlumat və digər sənədlər əsasında aparılır. Eyni zamanda, kameral nəzarət vasitəsilə məsələnin hərtərəfli öyrənilməsi mümkün olmadıqda, səyyar nəzarət formasından istifadə olunur. Bu da yol verilmiş pozuntu hallarının operativ aradan qaldırılmasına, müraciətlərlə məşğul olan məmurlara və digər vəzifəli şəxslərə praktiki kömək göstərilməsinə imkan yaradır.

Nəzarətin hər iki forması vətəndaşların müraciətlərinə baxılmasını daha da yaxşılaşdırmağa xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il iyunun 21-də Nardaran qəsəbəsində sakinlərlə görüşü zamanı vurğuladığı “Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir, edilir, hər bir yerdə insanlar rahat yaşamalıdır” prinsipi əsas tutularaq, bütün dövlət hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda bu qanunların düzgün yerinə yetirilməsi üçün vacib tədbirlər görülmüşdür.

Bütövlükdə xalqın mənafeyinə və rifahına xidmət edən iqtisadi və siyasi islahatlar, dünya iqtisadiyyatının sınaqdan çıxmış təcrübəsinə və müasir çağırışlara cavab verən hüquqi və normativ bazanın yaradılması Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının daha yaxşı qorunmasını təmin edəcək. 

Minnətdarlıq məktubları: xalqın gözü, xalqın sözü 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciətlərin böyük bir hissəsini minnətdarlıq məktubları təşkil edir. Bu məktublarda ölkə sakinləri, habelə Vətəndən uzaqda yaşayan soydaşlarımız, xarici ölkələrin vətəndaşları Azərbaycanda insanların rifahı, əmin-amanlığı üçün görülən işləri, həyata keçirilən layihələri geniş təqdir edir, sülhə, milli-mənəvi və multikultural dəyərlərə verdiyi dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq bildirirlər. Bu məktubların, demək olar ki, hər birində ölkə rəhbərinin yüksək idarəçilik bacarığı və yürütdüyü müdrik siyasət xüsusi vurğulanır. Məsələn, Binəqədidən professor H.Mahmudovun məktubu ölkəmizdəki real vəziyyəti qiymətləndirmək baxımından səciyyəvidir. O yazır: “Planetimizin hər yerində münaqişələr, müharibələr, qırğınlar olduğu halda, bizim ölkəmizdə bu gün əmin-amanlıq, firavanlıq hökm sürür. İnsanlar qurub-yaratmaq eşqi ilə yaşayırlar. Bunlar məhz Sizin gərgin əməyinizin və dünya arenasında tutduğunuz düzgün siyasi xəttin nəticəsidir”. 

Belə fikirlər xarici ölkə vətəndaşlarından daxil olan məktublarda da öz əksini tapır. Ukraynanın Kiyev şəhərindən Yuliya Stukalenko qeyd edir: “Siz sübut etdiniz ki, bütün çətinliklərə baxmayaraq, polad iradə və müdrik qərarlar öz bəhrəsini verir. Azərbaycan qısa müddətdə güclü dövlətə çevrilib”.

Minnətdarlıq məktublarının mövzuları və coğrafiyası çox genişdir və onları qısa da olsa şərh etmək vacibdir. Bu məktubların bir çoxunda vətəndaşlar Azərbaycanı tənəzzüldən tərəqqiyə aparan ümummilli liderimiz Heydər Əliyevin ruhuna dərin ehtiramlarını ifadə edirlər. Qeyd olunur ki, Ulu Öndərimizin ölməz ideyaları bu gün də həyatda öz bəhrəsini verir, onun əsasını qoyduğu inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakının Nəsimi rayonundan M.Ağayevanın, Nizami rayonundan E.Ağayevin, Gəncədən Ə.Cəmilovun və E.Mehdiyevin, Mingəçevirdən M.Musayevin, Abşeronun Aşağı Güzdək qəsəbəsindən Ə.Zeynalovun, Astaranın Ərçivan qəsəbəsindən İ.Quliyevin və G.Əzimovun, Lerikdən N.Baxışovun, digər şəhər və rayon sakinlərinin məktubları bu qəbildəndir.

Dünyanı bürüyən iqtisadi böhran Azərbaycana da müəyyən qədər öz təsirini göstərmişdir. Lakin yaranmış müvəqqəti iqtisadi çətinlik xalqımızın sabaha olan inamını sarsıda bilməyib. Daxil olan bir çox məktublarda ölkə vətəndaşları yaranmış vəziyyətin tezliklə tarixin yaddaşına köçəcəyini bildirmişlər. Şəkidən G.Salamova yazır: “Aparılan bütün islahatların arxasında Sizin iradəniz, qətiyyətiniz durur. Həyata keçirdiyiniz antiböhran tədbirləri onu deməyə əsas verir ki, qlobal maliyyə böhranına qarşı mübarizənin artıq Azərbaycan modeli tətbiq edilib”.

Bakının Xətai, Nizami, Suraxanı rayonlarından, Naxçıvan şəhərindən, Ağstafadan, Qubadlıdan, Ağdamın Quzanlı qəsəbəsindən, Masallının Çaxırlı kəndindən, digər şəhər və rayonlardan olan vətəndaşların məktublarında da belə fikirlər yer almışdır.

Məktublar göstərir ki, yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışan bəzi “işbazlar”ın süni qiymət artımına yol verməsinə qarşı Azərbaycan dövlətinin atdığı ciddi addımlar, məqsədyönlü tədbirlər vətəndaşları razı salmışdır. Binəqədinin Biləcəri qəsəbəsindən X.Rzayevin, Lerikin Qosmalian kəndindən K.Hüseynovun, digər şəhər və rayon sakinlərinin məktublarını buna misal göstərmək olar. Naxçıvan şəhərindən E.Novruzov isə yaranmış müvəqqəti çətinlikdən öz məqsədləri üçün istifadə edənlərə belə cavab verir: “Çətin vaxtlarda qaçıb xarici ölkələrə gedən və bu gün internet vasitəsilə xalqa çağırışlar edən bəzi şəxslər nədənsə keçmişi unudur. Yaxşı olardı ki, həmin şəxslər vətənpərvərlik göstərərək ölkəsinə kömək etsin, əsl Azərbaycan həqiqətlərinin carçısına çevrilsin”.

2016-cı ilin ən yaddaqalan hadisələrindən biri, qeyd etdiyimiz kimi, aprel ayında Azərbaycan Ordusunun cəbhə bölgəsində erməni təxribatlarının qarşısını almasıdır.

Bu əlamətdar hadisə ilə əlaqədar həmin dövrdə ölkə başçısının ünvanına saysız-hesabsız minnətdarlıq məktubları daxil oldu, Ali Baş Komandanımız və ordumuz barədə ən xoş sözlər söylənildi. Ordubad rayonundan T.Məmmədovanın məktubunda belə bir səmimi ifadə diqqəti cəlb edir: “Vətənimizin taleyini, xalqını, millətini düşünən, elini, obasını, əsgərini, torpağını bu qədər sevən, dəyər verən Prezident olduğunuz üçün Sizə təşəkkür edirəm”.

Dünyanın müxtəlif ölkələrində yaşayan, ürəyi Azərbaycanla döyünən, döyüşə hazır olduğunu bildirən, öz köməyini təklif edən soydaşlarımızın sərgilədiyi həmrəylik həqiqətən də çox təqdirəlayiq və qürurvericidir. Bolqarıstanın Sofiya şəhərindən A.Əliyev öz məktubunda bu məqamı xüsusi vurğulayaraq yazır: “Azərbaycan xalqı Sizin ətrafınızda daha sıx birləşərək, bütün dünyaya xalqla rəhbər, xalqla hakimiyyət birliyinin ən yüksək səviyyəsini nümayiş etdirir”.

Latviyanın Riqa şəhərindən E.Həsənzadə öz məktubunda dövlətimizin başçısının dünyanın azərbaycanlı gəncləri arasında çox böyük nüfuza malik olduğunu qeyd edərək bildirir: “Bir çağırış yetər ki, əhatənizdə sıra dağlar kimi düzülək!!!”

Digər xalqların və millətlərin nümayəndələri də Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı tərəf olduğunu bildirir, ermənilərin bədnam əməllərinə və işğalçılıq siyasətinə tezliklə son qoyulacağına, torpaqlarımızın azad olunacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliklərini ifadə edirlər. Rusiyanın Moskva şəhərindən Pyotr Naydenko və başqaları, İraqın Bağdad şəhərindən Ərşət Salihi, Livanın Beyrut şəhərindən İrina Çerçintseva-Beainova və digərlərinin məktubları bu qəbildəndir. Hadisələr baş verən ərəfədə Naftalanda dincələn İsrail vətəndaşı Jozef Stivenson Qarabağ probleminin onu da narahat etdiyini söyləyir və əlavə edir: “Erməni cəlladları tezliklə başa düşəcəklər ki, onlar Azərbaycan Ordusu qarşısında gücsüzdürlər”.

Türkiyənin Ordu şəhərindən Kadir İrmak isə öz məktubunda yazır: “Mən də könüllülərdən biriyəm. Azərbaycan uğrunda son damla qanıma qədər döyüşməyə hazıram”.

Qoşunların təmas xəttində gərginlik tam səngiməmiş dövlətimizin başçısının cəbhə bölgəsinə səfər etməsi, mövcud vəziyyətlə yerində tanış olması, yerli sakinlərlə və hərbçilərlə görüşməsi, ermənilərin atəşləri nəticəsində Ağdam və Tərtər rayonlarında bir çox evlərə, sosial və inzibati binalara dəymiş ciddi ziyanı aradan qaldırmaq üçün ehtiyat fondundan vəsait ayırması xalqın inamını və mübarizə ruhunu daha da yüksəltdi. Dekabr ayının 3-də ölkə başçısı yenidən cəbhə bölgəsinə səfər edərək, ziyan dəymiş evlərin tikintisi və təmir-bərpa işlərinin vəziyyəti ilə tanış olmuşdur. AğdamınTərtərin müxtəlif yaşayış məntəqələrindən daxil olmuş çoxsaylı məktublarda ölkə rəhbərinin bu addımlarının cəbhə bölgəsinin sakinlərinə çox müsbət təsir göstərdiyi bir daha qeyd olunur. Həmin məktubların əksəriyyətində aşağıdakı sözlər xüsusi vurğulanır: “Fəxr edirik ki, çətin vaxtda bizimlə birlikdə olan Prezidentimiz var”.

Aprel döyüşlərində şəhid olmuş hərbçilərin valideynləri – Gəncə şəhərindən Ç.Quliyev, Sabirabadın Çiçəkli kəndindən T.Muradov, Zərdabın Böyük Dəkkə kəndindən R.Abdullayev, digər şəhər və rayonların sakinləri Vətən uğrunda şəhid olmuş oğullarının adlarının dövlətimiz tərəfindən uca tutulmasından təskinlik tapdıqlarını, onlara göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə minnətdar olduqlarını bildirirlər. Həmin döyüşlərdə yaralanmış hərbçilər – Tovuzun Əsrik Cırdaxan kəndindən polkovnik-leytenant E.Sadıqov və başqaları isə cənab Prezidentin Mehriban xanım Əliyeva ilə birlikdə Bakıdakı hərbi hospitalda onları ziyarət etməsinə, həyata keçirilən yüksək səviyyəli müalicəyə görə razılıq edirlər.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər problemlərinin həlli istiqamətində ötən il həyata keçirilən tədbirlərlə əlaqədar minnətdarlıqlar çox olmuşdur. Lerikdən Milli Qəhrəman atası Ə.Müslümov və müharibə əlili V.Məlikov, müharibə əlilləri - Gəncədən R.Quliyev, A.Qəhrəmanov, Q.Salmanov, B.Mehdiyev, Nəsimidən Ə.Mirzəyev, Balakəndən C.Layıcov, Yardımlıdan N.Alışov və Ç.Bədirov, şəhid ailələrinin üzvləri - Şirvandan Ş.Bağırova, Ağdamın Bənövşələr qəsəbəsindən G.Quliyeva, Abşeronun Xırdalan şəhərində məskunlaşmış Cəbrayıldan olan məcburi köçkün A.Eyvazova, Tərtərdən Z.Əsədova öz minnətdarlıqlarını bildirmişlər. Belə məktubları Astaranın Sərək kəndindən S.Liftiyev, Qazaxdan H.Musayev, R.Məmmədov və başqaları da göndərmişlər. Mingəçevirdən şəhid övladı O.Nəbiyev isə həm şəhid ailələrinə göstərilən qayğıya, həm də gənclər üçün yaradılan şəraitə görə ölkə başçısına göndərdiyi minnətdarlıq məktubunda yazır: “Mən də atam kimi öz xalqıma, Vətənimə və Prezidentimizə sadiq olduğum üçün Vətən uğrunda hər zaman mübarizə aparmağa və bu yolda şəhid olmağa hazıram”.

Dövlətin qarşısında duran prioritet məsələlərdən biri də qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ötən dövr ərzində 50 min ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil problemi öz həllini tapmışdır. Respublikanın müxtəlif bölgələrində məskunlaşmış məcburi köçkünlər – Ağdamın Göytəpə kəndindən Həcər və Tamara Əhmədovalar, Lətif və Rahilə Quliyevlər, Füzulidən Q.Xəlilova, Kəlbəcərin Zar kəndindən T.Dadaşov, Ə.Əliyev, Qazaxın Aşağı Əskipara kəndindən F.Cəfərov və başqaları mənzillə təmin olunmalarına, Xocavəndin Əmirallar kəndindən A.Bayramov isə onlara göstərilən ümumi qayğıya və problemlərinin həllinə görə təşəkkür etmişlər.

Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi də aktual məsələlərdəndir. Ötən il iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yeni yaşayış binasının açılışında Prezident İlham Əliyev demişdir: “Bildiyiniz kimi, 2011-ci ilin sonunda imzaladığım müvafiq Sərəncam əsasında 20 il ərzində hərbi xidmətdə qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən dövlət vəsaiti hesabına tikilmiş mənzillər verilir. Bu proqram çərçivəsində artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, yüzlərlə hərbçinin mənzil-məişət problemləri yaxın zamanlarda öz həllini tapacaq”.

Bu mövzuda daxil olan məktublarda mənzillə təmin olunan hərbçilər bunun ailələrində hədsiz sevinc doğurduğunu diqqətə çatdırırlar.

Sahibkarların problemlərinin həlli dövlətimizin başçısının həmişə xüsusi diqqətdə saxladığı məsələlərdən biridir. Minnətdarlıq məktubları göstərir ki, respublikada iqtisadi mühitin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər sahibkarları daha da ruhlandırır, yerli məhsul istehsalının və bunun müqabilində ölkənin iqtisadi qüdrətinin artırılması yolunda iş adamlarına yeni stimul verir. Bakının Binəqədi, Xətai, Nərimanov, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonlarından, Gəncə, Mingəçevir, Abşeron, Ağstafa, Kəngərli, Goranboy, İmişli, Quba, Şamaxı, Ucar, Zərdab, digər şəhər və rayonlardan daxil olan müraciətlərdə vətəndaşlar sahibkarlığın inkişafına göstərilən dəstəyə, fəaliyyət sahələri üçün tələb olunan lisenziyaların alınması və vergi ödənişi qaydalarının sadələşdirilməsinə, sənədləşdirmə işlərinin vaxtında həllinə və maneələrin aradan qaldırılmasına görə təşəkkür etmişlər. Bu məsələlərlə əlaqədar ölkəmizdə fəaliyyət göstərən əcnəbi iş adamlarından da məktublar daxil olmuşdur. Nərimanov rayonundan “SKN Electrical Services” LTD-nin əməliyyat direktoru Stuart Kerrin məktubunu buna misal göstərmək olar. O, lisenziyanın alınma prosedurunun asanlaşdırılmasına görə şirkətin Azərbaycandakı filialının üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.

Sumqayıt, Ağcabədi, Ağsu, Daşkəsən, Xaçmaz, Qaradağ, Qəbələ, Qusar, Samux, Səbail, Yasamal, eləcə də digər şəhər və rayonlardan isə vətəndaşlar dövlətimizin başçısının 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 25 aprelin “Sahibkarlar Günü” kimi təsis edilməsindən yaranan sevinc hisslərini bölüşmüşlər.

Valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən dövlət qayğısı son illər ərzində daha da gücləndirilmişdir. Dövlət uşaq müəssisələrinin məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində “Məzun evi” sosial müəssisəsinin yaradılması, məzunların yaşayış sahəsi ilə təmin edilməsi bu qayğının mühüm tərkib hissəsidir. Bəzi minnətdarlıq məktubları da göstərir ki, bu xeyirxah iş kimsəsiz gənclər tərəfindən böyük sevinclə və alqışla qarşılanır. Həmin gənclərdən biri A.Sadıxova ölkə başçısına ünvanladığı məktubunda yazır: “Siz kimsəsiz gənclərə böyük qayğı göstərirsiniz. Allah Sizi ailənizlə birlikdə sevib-sevindirsin!”.

Ötən il bir sıra sahələrdə çalışan işçilərin əməkhaqlarının və pensiyaların artırılmasını ölkə əhalisi böyük rəğbətlə qarşıladı. Sumqayıtdan N.Seyfullayeva, Binəqədidən Ü.Vəliyeva, Nəsimidən F.Əliyeva, Füzulidən K.Ağazadə, Lerikdən İ.Zülfiyev təhsil, Hacıqabuldan B.Qarayev və F.İsmayılova səhiyyə, Salyanın Sarvan kəndindən C.Qaraşov mədəniyyət müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılmasına görə öz razılıqlarını bildirmişlər. Belə minnətdarlıq məktubları Babək, Ağsu, Xaçmaz, Xəzər, Nərimanov, Nizami (Bakı), Qubadlı, Səbail, Şabran, Şərur, Şuşa rayonlarının sakinlərindən də daxil olmuşdur.

Dünyada cərəyan edən iqtisadi böhran fonunda pensiyaların artırılmasını yüksək qiymətləndirən və bununla əlaqədar ölkə başçısına minnətdarlıq ünvanlayan İsmayıllı Rayon Veteranlar Şurasının sədri A.Əliyev və başqaları yazırlar: “Biz ahıl insanlar həyatın hər üzünü görmüşük. Hazırda yaranan müvəqqəti iqtisadi çətinlik gördüklərimizin müqabilində, demək olar ki, heç nədir. Firavan həyatını ümummilli liderimiz Heydər Əliyevin və Sizin rəhbərliyiniz dövründə tapan veteranlar, təqaüdçülər, onların ailələri tam ümidlidirlər. Çünki hər bir Azərbaycan vətəndaşının taleyi üçün özünü cavabdeh bilən Sizin kimi rəhbərimiz var”.

Ümumiyyətlə, ölkəmizin bütün bölgələrində canlanma, inkişaf, tərəqqi, quruculuq işləri davam edir. Bu, özünü minnətdarlıq məktublarında da göstərir. Pirallahıdan O.İsmayılov Pirallahı adası ilə Abşeron yarımadasını birləşdirən yeni körpünün salınmasına, su və kanalizasiya sisteminin yenidən qurulmasına, Gəncədən K.Fətəliyev Gəncə Dövlət Filarmoniyasının, Sumqayıtdan A.Fərzəliyeva dənizkənarı yeni bulvarın, Ağstafadan İ.Əliyev sənaye parkının və onun tərkibində müəssisələrin, istixana kompleksinin, Şəmkirin Könüllü kəndindən S.Mustafayev “Şəmkir Aqropark”ın, Goranboydan M.Zeynalov və A.Abbasov müasir avtovağzal binasının, İsmayıllıdan Ş.Rəsulov, Ə.Babayev və başqaları Qafqazda yeganə olan velosiped istehsalı zavodunun tikilməsinə, Şəkinin Turan qəsəbəsindən Ə.Hüseynov, Şirinbulaq, Bolludərə və Qaratorpaq kəndlərindən Q.Abdullayeva, F.Rəcəbli və başqaları zəlzələdən zərər çəkmiş sakinlər üçün yeni fərdi və ictimai yaşayış evlərinin inşasına, Lənkəranın Vilvan kəndindən A.Quliyev, F.Sadıqzadə və başqaları sel sularının aşınmaya məruz qoyduğu kənd yolunun bərpasına və Veravul çayında sahilbərkitmə işlərinin, Qaradağın Sahil qəsəbəsindən A.Məmmədova, Y.Səfərov və başqaları qəsəbənin əsas küçələrində təmir-bərpa işlərinin aparılmasına, Lerikin Təbrizli kəndindən C.Ağayev, M.Nəciyev, Yardımlının Teşkan kəndindən S.Rəhmanov, R.Fərəcov və başqaları güclü leysan yağışları və sel nəticəsində dağılmış körpülərin əvəzinə müasir tələblərə cavab verən yeni körpülərin salınmasına görə razılıqlarını bildirmişlər.

Bəzi sahələr üzrə minnətdarlıq məktublarının sayı və coğrafiyası daha genişdir. Məlum olduğu kimi, respublikada qazlaşdırmanın faiz göstəricisi ölkə başçısının tapşırıqlarından sonra daha da yüksəlmişdir. Təbii qazla təmin edilən kəndlərin sırasına ötən il yeniləri əlavə olunmuşdur. Gədəbəyin Miskinli, İmişlinin Mürsəlli, İsmayıllının Qurbanəfəndi və Sumağallı, Masallının Kalinovka, İkinci Yeddioymaq, Ətcələr, Qasımlı, Xıl, Saatlının Cəfərxan, Qara Nuru, Qazanbatan, Şirinbəy, Əbilkənd, Saracalar, Sabirabadın Əsgərbəyli, Cəngən, Salyanın Bəşirbəyli, Pambıqkənd, Tərtərin Dəmirçilər, Seydimli, Kəbirli, Zərdabın Birinci və İkinci Alıcanlı, Bıçaqçı və Əlvənd kəndlərinə təbii qazın verilməsinə görə həmin kəndlərin sakinləri ölkə Prezidentinə təşəkkür məktubları ünvanlamışlar. Tərtərin Bəyimsarov kəndindən X.Şərifov, F.Vəliyev və başqalarının məktublarında deyildiyi kimi, “indi hər evdə yanan qaz insanlara əsl rahatlıq, xoşbəxtlik gətirib”.

Elektrik enerjisi təsərrüfatında həyata keçirilən tədbirlər də vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Bərdənin Əmirli, Güloğlular, Biləsuvarın Əsgərabad, Tərtərin Həsənli, Qarağacı, Yevlaxın Qaraməmmədli, Rüstəmli kəndlərindən, həmçinin digər şəhər və rayonlardan daxil olan məktublarda vətəndaşlar elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılmasına, o cümlədən yeni yarımstansiyaların tikilməsinə, dirəklərin və transformatorların dəyişdirilməsinə, elektrik xətlərinin SİP-kabellə çəkilməsinə görə təşəkkürlərini ifadə etmişlər.

Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limitin artırılması da razılıqla qarşılanmışdır. Ötən il dekabrın 22-də dövlətimizin başçısının tapşırığı əsasında Tarif Şurasının iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə, elektrik enerjisi üçün aylıq istehlak həcminin isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılması Yeni il ərəfəsində ölkə başçısının xalqa qayğısı kimi qiymətləndirilmişdir. Bakı, Xətai, Xəzər, Lənkəran, Mingəçevir, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Quba, Qusar, Lerik, Neftçala, Salyan, Samux, Siyəzən, Şabran, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlardan bununla əlaqədar daxil olmuş yüzlərlə minnətdarlıq məktubunda qeyd olunur ki, bu qərar xalqın mənafeyinə xidmət edir.

Ölkə əhalisinin içməli su təminatının yaxşılaşdırılması sahəsində də işlər uğurla davam etdirilir. Minnətdarlıq məktublarının bir qismi bununla bağlıdır. Bərdənin Lənbəran, Qubanın Digah, Yardımlının Vərov kəndlərindən su xətlərinin çəkilməsinə, subartezian quyularının qazılmasına, İmişlinin Qızılkənd, habelə Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçın sakinlərindən içməli suyun keyfiyyətinin yüksəldilməsi üçün modul tipli sutəmizləyici qurğuların quraşdırılıb istifadəyə verilməsinə görə minnətdarlıq məktubları daxil olmuşdur.

Son illər ərzində ölkəmizdə aqrar sahənin inkişafı və məhsul istehsalının artırılması, suvarma suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülməkdədir. Bu, öz əks-sədasını minnətdarlıq məktublarında da tapır. Ağcabədinin Qaravəlli kəndindən K.Gülmalıyev, Hacıbədəlli kəndindən E.Rüstəmov, Ağdamın Çıraqlı kəndindən I qrup Qarabağ müharibəsi əlili R.Cəfərov, Göygöldən V.Bayramov, Saatlının Heydərabad kəndindən S.Namazov suvarma suyu probleminin aradan qaldırılması istiqamətində görülən işlərə, o cümlədən yeni subartezian quyularının qazılmasına, Biləsuvarın Bəydili kəndindən A.Həsənov yüksəkgərginlikli transformatorun və yeni su nasoslarının qoyulmasına, Salyandan X.Piriyev, C.Əliyev və başqaları Şirvan-Muğan qrup su kəmərinin çəkilməsinə, Şəmkirin Çinarlı qəsəbəsindən E.Əliyev, Aşağı Seyfəli kəndindən C.Hüseynov, Abbaslı kəndindən İ.Məmmədəliyev və digərləri Şəmkirçay su anbarının tikilməsinə, Zərdabın Məmmədqasımlı kəndindən A.Vagifov kollektorların lildən təmizlənməsinə, Qaxın Zərnə kəndindən İ.Məmmədov yanacaq və motor yağlarına görə verilən subsidiyanın artırılmasına, cins mal-qaranın, mineral gübrələrin və texnikanın satışında tətbiq olunan güzəştlərə, zərərvericilərə və alaq otlarına qarşı istifadə olunan bitki mühafizə vasitələrinin dövlət hesabına ayrılmasına, Gədəbəyin Gərgər kəndindən Ə.Məmmədov, Masallının Ərkivan qəsəbəsindən B.Hüseynov və S.Eyniyev, Tovuzun Əyyublu kəndindən İ.Dəmirov kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyinə və əkin sahələrindən səmərəli istifadə olunması üçün lazımi tədbirlərin görülməsinə görə təşəkkür etmişlər.

Kənd təsərrüfatının Azərbaycanda ənənəvi sayılan sahələrinin yenidən dirçəldilməsi üçün ötən il mühüm sənədlər imzalanmış, subsidiyaların ayrılmasında yeni mexanizmlər müəyyənləşdirilmişdir. Həyata keçirilən bu və digər işlər çoxsaylı minnətdarlıq məktublarının əsas mövzusunu təşkil edir. Gəncədən, Lənkəranın İstisu qəsəbəsindən, Biləsuvarın Bağbanlar, Kürdəmirin Atakişili, Saatlının Əhmədbəyli, Tərtərin Qaynaq, Zərdabın Xanməmmədli kəndlərindən pambıqçılığın, Füzulinin Şükürbəyli kəndindən baramaçılığın, Astaranın Səncərədi kəndindən çəltikçiliyin inkişafı üçün görülən işləri yüksək qiymətləndirmişlər.

Təhsil sahəsində görülən işlərlə bağlı müraciətlərdə Goranboydan, Gədəbəyin Novosaratovka kəndindən müasir tələblərə cavab verən uşaq bağçasının, Ağstafanın Aşağı Kəsəmən, Masallının Çayqıraq və Xıl kəndlərindən müasir orta məktəb binalarının tikilib istifadəyə verilməsinə, Sumqayıtdan isə uşaq bağçalarında şəraitin yaxşılaşdırılmasına görə minnətdarlıq etmişlər.

Orta məktəb şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya da dövlətimizin başçısının mühüm təşəbbüslərindən biridir. Gənc nəslin mədəni və intellektual səviyyəsinin yüksəlməsinə xidmət edən bu layihənin uğurla həyata keçirilməsi şagirdləri və onların valideynlərini razı salır. Respublikamızın elə bir bölgəsi yoxdur ki, oradan bu barədə təşəkkür dolu məktublar gəlməsin. Beyləqan, Cəlilabad, Daşkəsən, Qax, Quba, Şabran, Şəmkir və Zaqataladan, Xızının Giləzi qəsəbəsindən, Ağdaşın Kükəl, Göyçayın Potu, Qəbələnin Zarağan, Qobustanın Sündü, Qusarın Həzrə kəndlərindən, Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərdən, digər şəhər və rayonlardan daxil olan məktubları buna misal göstərmək olar. Xətaidən M.Məmmədli tur-aksiyanın əsas xüsusiyyətlərini vurğulayaraq yazır: “Bu səyahətlə tariximizlə yaxından tanış olub, yeni dostlar qazandıq”.

Azərbaycanın hər bir bölgəsi kimi, cəbhəyanı ərazilər də həmişə dövlətin diqqət mərkəzindədir. Vətəndaşların yazdıqlarından da görünür ki, həmin yerlərdə həyata keçirilən işlər insanlarda xoş ovqat yaradır. Ağdamın Əfətli kəndindən İ.Əliyev, Q.Bağırov və başqaları Qarqar çayının suyundan istifadə üçün su nasoslarının qurulmasının kənd təsərrüfatı sahələrinin daha yaxşı suvarılmasına imkan yaratmasından, Göygölün Qızılqaya qəsəbəsindən E.Quliyev, R.Hacıyev və başqaları qəsəbələrinə su xəttinin çəkilməsinə və onlarla ailənin içməli su ilə təchiz olunmasına, Tərtərdən R.Həsənzadə, N.Fətəliyeva və başqaları küçələrinin abadlaşdırılmasına, divarların müasir üslubda aqlay daşlarla üzlənməsinə, gecə işıqlandırılması və dren-kanal sisteminin qurulmasına, yaşayış binalarının dam örtüklərinin yenilənməsinə görə razılıq etmişlər.

Respublikada gömrük sisteminin müasir tələblər səviyyəsində və səmərəli qurulması üçün həyata keçirilən tədbirlər son illər daha intensiv xarakter almışdır. “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli Sərəncamı bu sahədə daha yaxşı nəticələrin əldə olunmasına zəmin yaratmışdır. Azərbaycan Prezidentinin 2016-cı il 21 may tarixli Fərmanı ilə gömrük sahəsində tətbiqinə başlanılan “Yaşıl dəhliz” buraxılış sistemi də bu baxımdan xüsusi qeyd edilməlidir. Bakının Binəqədi rayonundan Nadejda Markova, Yasamaldan “TP Engineering” MMC-nin Azərbaycan filialının icraçı direktoru R.İsmayılov, Şirvandan R.Məlikov, Abşeronun Saray qəsəbəsindən Muhsin Aycan Kurbani, habelə ABŞ-dan Nikolas Behnam Bokaye və Fillip Vassenkov, Böyük Britaniyanın London şəhərindən Hamiş Qordon Lainq, Niderlanddan Telman Hümbətov öz məktublarında “Yaşıl dəhliz” vasitəsilə malların gömrükdən daha tez və maneəsiz keçirilməsindən, tranzit vizalarının vaxtının uzadılması prosesinin sadələşdirilməsindən razılıq etmişlər.

Yeni Zelandiyanın Nyu-Plimut şəhərindən Alasteyr Corc Vilson Azərbaycan Prezidentinə ünvanladığı məktubunda yazır: “Sizin gözəl ölkənizdə olduğum müddətdə avtomobilimin vaxt limitini uzatmalı oldum. Bunun üçün “Yaşıl dəhliz” sisteminin xidmətindən istifadə etdim. Bu sistem son dərəcə yaxşı işləyirdi. Problemim 10 dəqiqədən də az müddətdə həll olundu. Biz bu səviyyədə qurulmuş sistemi bütün dünyaya məsləhət görərdik. Azərbaycanda keçirdiyimiz vaxtdan zövq aldıq”. “Yaşıl dəhliz” xidmətindən razı qalan digər xarici vətəndaş ABŞ-ın Kaliforniya ştatından Viktor Elliot Gebhardt isə bildirir: “Problemlərim operativ həll olunduğu üçün mən yenidən məmnuniyyətlə Sizin ölkənizə səyahət edərdim”.

Göründüyü kimi, “Yaşıl dəhliz” buraxılış sisteminin yaradılması xarici ticarət dövriyyəsinin genişlənməsinə təkan verməklə yanaşı, turizmin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Heç şübhəsiz ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanı ilə yaradılan və artıq tətbiqinə başlanılan “ASAN Viza” sistemi də ölkəmizdə turizmin inkişafına yeni impuls verəcəkdir.

Respublikanın şəhər və rayonlarında çoxmənzilli yaşayış binalarının əsaslı təmiri, onların dam örtüklərinin dəyişdirilməsi, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni liftlərin quraşdırılması hazırda aktual məsələlərdən biridir. 2016-cı ildə ölkə Prezidenti 25 sərəncamı ilə bu məqsədlər üçün özünün ehtiyat fondundan 90 milyon manatdan çox vəsait ayırmışdır. Pirallahı, Qaradağ, Sumqayıt, Mingəçevir, Şirvan, İsmayıllı, digər şəhər və rayonlardan bu sahədə görülmüş işlərlə əlaqədar çoxsaylı minnətdarlıq məktubları alınmışdır. Sumqayıtın 5-ci mikrorayon sakini M.Mehdiyevanın məktubunda deyildiyi kimi, bunların hamısı insanların rahatlığına xidmət edir.

Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar müraciətlərdə avtomobil yollarının çəkilməsi və təmiri ilə bağlı minnətdarlıqlar xüsusi yer tutur. Bu da 2016-cı ildə dövlətimizin başçısının 73 sərəncamı ilə həmin işlərin icrası üçün 204 milyon manatdan artıq vəsait ayrılması ilə əlaqədardır. Ağsunun Kəndoba, Gədəbəyin Novoivanovka, Xaçmazın Yalama, İsmayıllının Aşıqbayramlı, Qobustanın Sündü, Ərəbşalbaş, Qubanın Amsar, Lerikin Züvüc kəndlərinin, Goranboyun Aşağı və Yuxarı Ağcakənd qəsəbələrinin sakinlərinin və digərlərinin məktubları kəndarası avtomobil yolları ilə əlaqədar olmuşdur. Bundan başqa, Şirvan şəhərindən və Yardımlı rayonundan magistral, Masallının Həsənli kəndindən məhəllədaxili, Füzulinin HoradizXaçmazın Xudat şəhərlərindən, Qaradağın Lökbatan qəsəbəsindən, İmişlinin Qaradonlu kəndindən rayon əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə əlaqədar minnətdarlıq bildirilmişdir. Tovuzun Ağacqala kəndindən Ə.İbrahimov öz məktubunda yazır: “Olduqca çətin relyefdə yerləşən ucqar dağ kəndlərinə yüksəkkeyfiyyətli və rahat avtomobil yollarının çəkilməsi Sizin hər bir azərbaycanlıya olan diqqətinizdən və möhkəm iradənizdən irəli gəlir”.

Bakının Xəzər, Nərimanov, Nizami, Pirallahı, Səbail rayonlarından, Suraxanı rayonunun Hövsan qəsəbəsindən, Sumqayıt, Mingəçevir və Naxçıvandan, Ağstafa, Ağsu, Culfa, Göygöl, Hacıqabul, Xaçmaz, QobustanSədərəkdən, Astaranın Ərçivan qəsəbəsindən, Şahbuzun Külüs, Cəlilabadın Üçtəpə, Füzulinin Qazaxlar, Gədəbəyin Dəyirmandağ, Kürdəmirin Cəyli, Masallının Kalinovka, Samuxun Əli Bayramlı kəndlərindən, digər şəhər və rayonlardan daxil olan məktublarda sakinlər yerlərdə həyata keçirilən geniş abadlıq-quruculuq işlərindən, yaşıllıqların, çay və dəniz sahillərində gözəl parkların salınmasından, küçələrin genişləndirilməsindən, yeni işıqlandırma sistemlərinin quraşdırılmasından, ümumilikdə regionların sosial-iqtisadi inkişafından yaranan sevinc hisslərini bölüşmüşlər.

Son illərin aktual məsələlərindən biri də abadlıq və quruculuq işləri ilə əlaqədar əhalinin başqa yerə köçürülməsinin təşkilidir. Ölkə başçısının ünvanına daxil olan bir çox minnətdarlıq məktublarında bu işin ədalətli şəkildə icra olunmasından və vətəndaşların razı salınmasından söhbət açılır. Yasamal rayonunun “Sovetski” adlanan ərazisinin keçmiş sakinləri Z.Məlikov, L.Məmmədova və başqalarının məktublarında əksini tapan sözlər bu razılığın ifadəsidir: “Biz öz yeni mənzillərimizə qovuşduq. Cansıxıcı və qaranlıq evlərdən işıqlı və ürəkaçan mənzillərə köçdük”.

Bunlardan əlavə, minnətdarlıq məktublarında bir sıra başqa mövzulara da toxunulur. Məsələn, Sumqayıtdan F.Məhərrəmov Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işlərinin görülməsinə, Yasamaldan B.Bədəlov nəvəsinin xidmət etdiyi hərbi hissədə olan yüksək səliqə-sahmana, əsgərlərə yaradılan şəraitə, Sabunçunun Bakıxanov qəsəbəsindən Siyavuş və Laləzar Cəfərovlar, Ağdaşın Qarağan Sədi kəndindən R.Hacıyev, Zərdabın Yuxarı Seyidlər kəndindən B.Səmədov və N.Məmmədov torpaq sahəsinin, Tovuzun Əyyublu kəndindən H.Mirzəyev, M.Kərimova və başqaları daşınmaz əmlaklarının sənədləşdirilməsinə, Mingəçevirdən V.Məmmədov və L.Abdullayeva, Ağdamın Zəngişalı kəndindən İ.İsmayılov işlə, Siyəzənin Yenikənd kəndindən A.Muradova zabit oğlunun xidməti mənzillə, Yevlaxın Yuxarı Salamabad kəndindən P.Qasımov ünvanlı sosial yardımla təmin olunmalarına, Ağcabədinin Arazbar kəndindən K.Hacıyev və Yardımlının Bozayran kəndindən Q.Babazadə müalicə üçün sanatoriyaya göndərilmələrinə, Cəlilabadın Göytəpə şəhərindən R.Hüseynov anasının uğurla müalicə olunmasına, Daşkəsəndən S.Məmmədova özünə və on aylıq körpəsinə qayğı göstərilməsinə, Gədəbəydən L.Əhmədova “ASAN xidmət” əməkdaşlarının onun evinə gələrək əlil övladının sənədlərini düzəltməsinə, Qazaxdan Z.Vəliyeva, L.Alıyeva və başqaları təhsil aldıqları ADPU-nun Qazax filialının BDU-nın Qazax filialına çevrilməsinə, Qobustanın Ərəbşalbaş kəndindən O.Şeydayeva övladlarına əlillik pensiyası verilməsinə, Masallının Boradigah qəsəbəsindən L.Ağarəhimova, C.Məmmədova və başqaları ölkə rəhbərinin təşəbbüsünə uyğun olaraq, pulsuz tibbi müayinədən keçirilmələrinə, Sabirabaddan rus icmasının sədri Aleksandr Qluxov Pasxa bayramını daha yaxşı keçirmələri üçün onlara göstərilən köməyə görə minnətdarlıq etmişlər.

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə 2013-cü ilin aprel ayından başlayaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulunun keçirilməsi narahatlıq doğuran bir çox problemlərin yerində öyrənilib həll edilməsinə və operativ baxılaraq aradan qaldırılmasına şərait yaratmışdır. Həmin qəbullar zamanı qaldırılan məsələlərin müsbət həll olunması ilə əlaqədar ölkə Prezidentinin ünvanına tez-tez minnətdarlıq məktubları daxil olur. Gəncədən A.Rzayevin, Ağdamın Qasımbəyli kəndindən D.Abdullayevin, Balakənin Qullar kəndindən K.Əliyevanın, Bərdənin Əyricə kəndindən Z.Əhmədov, Ə.Şirinov və başqalarının məktublarını buna misal göstərmək olar. Şirvanın Bayramlı qəsəbəsindən R.Bayramov dövlətimizin başçısına ünvanladığı məktubunda belə qəbullardan birində iştirak etdiyini və ona lazımi kömək göstərildiyini vurğulayaraq yazır: “Dövlətin vətəndaşlara olan qayğısını bu qəbulda bir daha hiss etdim!”.

Gəncə, Xətai, Qaradağ, Ağcabədi, Göyçay və Səbaildən, Neftçalanın Xıllı qəsəbəsindən, Saatlının Xanlarkənd, Salyanın Sarvan, Yevlaxın Tanrıqulular kəndlərindən qəbullarda iştirak edən vətəndaşlar da bu qayğıya görə minnətdarlıq bildirmişlər.

İl ərzində Prezident Administrasiyasına daxil olan müraciətlərdə qaldırılan məsələlərin böyük əksəriyyəti müsbət həll olunmuşdur. Vətəndaşlar onların müraciətlərinə həssas münasibət göstərilməsindən, narahatlıq doğuran məsələlərin araşdırılaraq çox qısa zamanda həll olunmasından razı qaldıqlarını bildirmişlər. Bununla əlaqədar Gəncədən V.Hüseynova, Sumqayıtdan H.Məmmədov, Şirvandan M.Yusifova və N.Səfiyev, Lənkəranın Siyavar kəndindən Ə.Bağırov, Şəkidən I qrup Əfqanıstan müharibəsi əlili E.Rəşidov və Qoxmuq kəndindən C.Yunusov, Binəqədidən sahibkar Z.Məmmədov və Böyük Vətən müharibəsi əlili, iki şəhid atası M.Quliyev, Xətaidən Ə.Əmrahov və Ş.Həsənova, Əhmədli qəsəbəsindən R.Şıxlinski, Xəzərin Binə qəsəbəsindən Ə.Zahidov, Qaradağın Puta qəsəbəsindən N.Məhərrəmova, Nərimanovdan S.Bədəlova və D.Yusifov, Nəsimidən R.Muxtar, Nizamidən T.Kolesnikova və A.İlyin, Sabunçunun Yeni Ramana qəsəbəsindən Q.Quliyev, Kürdəxanı qəsəbəsindən T.Vəliyev, Səbaildən Y.Məlikova, Suraxanıdan Z.Allahverdiyeva, Yasamaldan S.Rəhimova, Abşeronun Xırdalan şəhərindən V.Əliyev, Ağcabədinin Şənlik kəndindən Q.Behbudov, Astaranın Səncərədi kəndindən S.Əliyeva, Balakənin Katex kəndindən R.Nəbiyev, Bərdənin Əliyanlı kəndindən M.Şükürov, Ş.Adıgözəlov və başqaları, Biləsuvarın Əsgərabad kəndindən C.Bağırova, Cəlilabaddan Ə.Bəşirov, Füzulinin Horadiz şəhərindən Q.Rzayev, Gədəbəydən K.Rəhimova, Göyçaydan R.Rzayeva, Göygöldən T.Hacıyeva, Hacıqabuldan G.Rzayeva, Xaçmazdan P.Həsənova, Müşkür kəndindən F.Məmmədov, İsmayıllının Qubaxəlilli kəndindən İ.Məmmədov, M.Babayev, Qazaxın Xanlıqlar kəndindən R.Kərimova, Qazaxbəyli kəndindən X.Mustafayeva, H.Qasımov və başqaları, Qubadlıdan Sumqayıtda məskunlaşmış R.Şamxalov, Lerikin Veri Əliabad kəndindən F.Əliyev, Masallının Ərkivan qəsəbəsindən A.Abdullayev, L.Hüseynov və başqaları, Oğuzdan N.Novruzov, Sabirabaddan R.Şükürov, Salyanın Qarabağlı kəndindən B.Abdullayeva, Tərtərdən V.Dadaşov, Zaqatalanın Yuxarı Tala kəndindən E.Ömərov, həmçinin digər şəhər və rayonların sakinləri problemlərinin həllinə görə minnətdarlıq məktubları göndərmişlər.

Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələr, dünya iqtisadiyyatında gündən-günə artan rolu xarici mətbuat nümayəndələrinin də diqqətindən yayınmır. Nüfuzlu “The Business Year” jurnalı tərəfindən Azərbaycan Prezidentinin 2015-ci ildə “Dünyada ilin adamı” seçilməsi və mükafatın 2016-cı ilin may ayında cənab Prezidentə təqdim olunması ölkə vətəndaşlarında sevinc hissi yaratmışdır. Bununla əlaqədar daxil olan məktublarda vətəndaşlar dövlətimizin başçısını təbrik edir, eyni zamanda, görülən işləri bir daha vurğulayır, minnətdarlıqlarını bildirirlər. Moskva şəhərindən T.Dadaşovun, Bakının Pirallahı rayonundan K.Mustafayevanın, Yasamaldan S.Heydərovun, Kürdəmirdən M.Musayevin, Qusardan E.Abbasovun, İsmayıllının Qalınçaq kəndindən Ə.Tarverdiyev və E.Seyidlinin, Lerikdən H.Bəşirov və A.Zahidovun, Masallının Mahmudavar kəndindən Prezident təqaüdçüsü Ş.Əbilovun, Salyanın Kərimbəyli kəndindən A.Səfərov, C.Xıdırov və başqalarının, Tərtərdən F.Binnətov və S.Yusibovun, Tovuzun Qovlar qəsəbəsindən E.Bayramovanın, digər şəhər və rayonların sakinlərinin məktubları bu qəbildəndir. Salyan rayonundan A.Daşpoladova və M.Məlikova yazırlar: “Siyasətinizdə ardıcıllıq, diplomatiyanızda məharət beynəlxalq aləmdə Sizə uğur gətirdi”.

Finlandiyanın Helsinki şəhərindən Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin sədri T.Nəzərova, Ağcabədinin Hindarx qəsəbəsindən C.Həmidova və digərləri həyata keçirilən uğurlu xarici siyasətdən, Azərbaycanın beynəlxalq aləmdə öz layiqli yerini tutması istiqamətində atılan inamlı addımlardan, ölkə başçısının qətiyyətli mövqeyindən, Masallıdan F.Nağıyev Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında erməni diplomatın sualına tutarlı və əsaslandırılmış cavab verməsindən ruhlandıqlarını yazır, öz dövlət başçıları ilə fəxr etdiklərini bildirirlər.

Dünyanın ən mötəbər idman yarışlarından olan Formula-1 Avropa Qran-prisinin ötən il iyun ayında Bakı şəhərində keçirilməsi də Azərbaycanın növbəti uğuru oldu. Gürcüstanın Bolnisi şəhərindən M.İmanov, Bakının Binəqədi rayonundan C.Həşimova, Nərimanovdan A.Heybətova, Nəsimidən A.Məmmədova, Q.Nəsibova, Sabunçunun Yeni Ramana qəsəbəsindən E.Qədimov, Sumqayıtdan S.Əsədova, Naftalandan Ü.Əliyev, Neftçaladan V.Əliyev və digərləri bu məşhur idman yarışının ölkəmizdə keçirilməsindən məmnun qaldıqlarını bildirmişlər. Sabunçunun Bakıxanov qəsəbəsindən A.Sultanovanın bununla bağlı fikirləri belədir: “Bakıda Formula-1 Avropa Qran-prisinin uğurla təşkil edilməsi dövlətimizin yüksək təşkilatçılıq qabiliyyətini bir daha göstərdi. Bu idman bayramını seyr edənlər, eyni zamanda, inkişafda olan ölkəmizi, əsrarəngiz paytaxtımızı yaxından tanıdılar”.

2016-cı il həm də Olimpiya ili idi. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında idmançılarımız çox uğurlu çıxış edərək xalqımızı sevindirdilər. Gəncədən Ş.Mustafayev, Binəqədidən Ş.Mirzəcanova, Nəsimidən Ş.Baxşəliyeva, Abşeronun Xırdalan şəhərindən S.Cəfərova, Füzulinin Qarabağ kəndindən E.İbişov, Gədəbəydən M.Həsənova və digərləri göndərdikləri məktublarda bu münasibətlə öz sevinclərini ifadə etmişlər.

Azərbaycanın yüksəlişi, regionların inkişafı, yaradılan infrastruktur respublikamızda olan əcnəbilərə də çox xoş təsir bağışlayır. Onlar dövlətimizin başçısına məktublarında öz təəssüratlarını bölüşürlər. Məsələn, Almaniyanın Drezden şəhərindən Rüdiger Hauffe və Egbert Şeibe avarçəkmə üzrə komandalarının Mingəçevirdə keçirdiyi təlim-məşq toplanışından məmnun qaldıqlarını bildirərək yazırlar: “Şəhərin otellərində və istirahət mərkəzində bizə yüksək xidmət və diqqət göstərildi. Mingəçevir şəhəri görkəminə görə Avropa şəhərlərini xatırladır. Çayın sahilində park, şəhərin füsunkar mənzərələri hamımızın xoşuna gəldi. İdmançılarımız şəhər sakinlərinin mehriban münasibətindən, diqqət və qayğısından razı qaldılar. Mingəçevirin turizm potensialı çox böyükdür. Gələcəkdə biz buraya turist kimi gəlməyi planlaşdırırıq”. Rusiyanın Tambov şəhərindən Olqa Bıkova Azərbaycanın ona çox gözəl təsir bağışladığını yazır, Türkiyənin Hatay şəhərindən Ertan Eser, Antalya şəhərindən İbrahim Yıldırım Azərbaycanın çox güclü dövlətə çevrildiyini qeyd edirlər.

Göründüyü kimi, Azərbaycanın təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələr ölkə sakinləri ilə yanaşı, xarici vətəndaşların da diqqətini cəlb edir, dövlətimizin beynəlxalq imicinin və nüfuzunun gündən-günə yüksəlməsində, xarici əlaqələrin möhkəmlənməsində müsbət rol oynayır. Nəsimi rayonundan X.Paşayevanın məktubunda əksini tapan sözlər bu baxımdan səciyyəvidir. O yazır: “Siz Azərbaycanı nəinki azərbaycanlılara, dünya xalqlarına sevdirdiniz. Milyonlarla vətəndaşımız kimi, mən də azərbaycanlı olduğum üçün fəxr edirəm”.

Təkliflər cəmiyyətin fəallıq indeksidir

Prezident Administrasiyasına daxil olan müraciətlərin xeyli hissəsi cəmiyyəti düşündürən, vətəndaşları narahat edən məsələlər barəsində fikir və mülahizələrdən, həmçinin ölkənin iqtisadi və siyasi inkişafına müsbət təsir göstərən təkliflərdən ibarətdir.

Təkliflər cəmiyyətin problemlərinə biganə qalmayan insanların ürək sözünü və vətəndaşlıq mövqeyini ifadə etdiyinə görə, onların hər biri diqqətlə öyrənilir və baxılıb həyata keçirilməsi üçün müvafiq qurumlara göndərilir. Bu təkliflərin bəziləri hətta müvafiq qanunvericilik aktlarında edilmiş dəyişikliklərdə öz əksini tapır.

Təkliflərin mövzuları da müxtəlifdir. İctimai-siyasi məzmunlu təkliflərin bir çoxunda ulu öndər Heydər Əliyevin xatirəsinin daha geniş yad edilməsi, ayrı-ayrı tanınmış mədəniyyət və incəsənət xadimlərimizin yubiley tədbirlərinin keçirilməsi və onların xatirəsinin müxtəlif formada əbədiləşdirilməsi, bəzi yeni peşə bayramlarının təsis edilməsi və sair fikirlər irəli sürülür.

Sosial-iqtisadi xarakterli təkliflərdə kənd təsərrüfatının yeni bərpa olunan sahəsinin – ipəkçiliyin daha da inkişafı, barama toxumlarının inkubasiyası, onların kümçülərə paylanması, bir çox şəhər və kəndlərin su təchizatının yenidən qurulması, şəhər və rayonlarda yeni parkların və yaşıllıqların salınması, bu işin davam etdirilməsi və digər məsələlər qaldırılır.

Vətəndaşlar sənayenin və sahibkarlığın inkişafına dair təkliflərində iqtisadi sahədə idarəetmənin təkmilləşdirilməsi, bəzi strukturlarda ixtisarlar aparılması, istifadəsiz qalan torpaqların dövriyyəyə cəlb edilməsi, emal müəssisələrinin yaradılması üçün faizsiz kreditlər verilməsi, iqtisadiyyatla bağlı geniş müzakirələr, “dəyirmi masa” ətrafında söhbətlər aparılması, tikinti materialları istehsalının daha səmərəli təşkil edilməsi, yarımçıq tikililərin başa çatdırılmasına dövlət dəstəyi, qeyri-neft sektoruna maraq göstərən sahibkarlar üçün müvafiq fondlar yaradılması və onlara vergi güzəştlərinin edilməsi, bir sıra rayon mərkəzlərində əvvəllər fəaliyyət göstərmiş konserv zavodlarının fəaliyyətinin bərpa edilməsi, qoyunçuluğun inkişaf etdiyi ərazilərdə yeni gön-dəri tədarükü məntəqələrinin açılması, Azərbaycanın zəngin təbiətinin imkanlarından istifadə etməklə yeni parfümeriya müəssisəsinin açılması, neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi, mühərrik yağları istehsalının təşkil edilməsi, yerli tikinti məhsulları istehsalının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, şərabçılığın, əczaçılığın inkişaf etdirilməsi, Azərbaycanda istehsal olunan malların dövlət və özəl televiziya, radio kanallarında güzəştlə reklam edilməsi və sair məsələlər barədə təklif və mülahizələrini bildirirlər.

Mədəniyyət və turizm məsələləri mövzusunda daxil olan müraciətlərdə turizmin inkişafı üçün müasir servis sisteminin təşkili, kurort müəssisələrinin yaradılması üçün xüsusi səhmdar cəmiyyətinin təsis edilməsi, respublikanın bölgələrində mineral və müalicəvi suların olduğu yerlərdə yeni sanatoriya, istirahət zonalarının yaradılması, ənənəvi xalq sənəti sahələrinin bərpası üçün texniki-peşə məktəblərinin və kursların açılması, Azərbaycan mədəniyyətini, müxtəlif icmaların musiqi sənətini təbliğ edən festivalların keçirilməsi, Bakı şəhərində və respublikanın digər yerlərində tarix və memarlıq abidələrinə məlumat lövhələrinin vurulması barədə fikirlərini ifadə edirlər.

Nəqliyyat məsələlərinə dair bəzi müraciətlərdə isə nəqliyyatın işinin daha yaxşı təşkili, yeni marşrutların açılması, nəqliyyatın intensivliyini nəzərə alaraq körpülərin, yüngül konstruksiyalı yerüstü keçidlərin tikilməsi və sair təkliflər irəli sürülür.

Elm, təhsil məsələləri ilə bağlı təkliflərdə elmi nailiyyətlərin istehsalatda daha geniş tətbiq edilməsi, yeni ali məktəblərin açılması və elmi kitabxanalar sisteminin fəaliyyətinin təkmilləşdirilməsi və sair barədə fikirlər bildirilir.

Təkliflər əslində cəmiyyətin, ümumiyyətlə, ölkə vətəndaşlarının ictimai fəallıq indeksi hesab edilir. Ona görə də hər bir təklif diqqətlə öyrənilir, onların daha real, əsaslı olanları həyata keçirilir və gələcəyə hesablanmış təkliflər perspektiv inkişaf proqramlarında nəzərə alınır. Elə bu günlərdə Azərbaycanda və Qafqazda modern mühərrik və sənaye yağları istehsal edən “Technol” zavodunun açılışı olmuş və vətəndaşların il ərzində verdiyi təkliflərdən biri yerinə yetirilmişdir. Bu müəssisə 60-dan çox çeşiddə məhsul hazırlayacaq. Belə təkliflərin reallaşacağını vətəndaşlar bundan sonra daha çox görəcəklər.

Süleyman İsmayılov

 Prezident Administrasiyasının

 Sənədlərlə və vətəndaşların müraciətləri

 ilə iş şöbəsinin müdiri

(ardı var)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.