CƏMİYYƏT


“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2016-cı il üzrə üçüncü nömrəsi çapdan çıxıb

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2016-cı il üzrə üçüncü nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, jurnalın üçüncü nömrəsi bu ilin iyul-sentyabr aylarını əhatə edir. Jurnal Azərbaycan Prezidenti İlham Əliyevin “Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Gözəl ölkə qurmuşuq və bundan da gözəl olacaq” sözləri ilə başlayır.

Jurnalın “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “Təhlillər, təkliflər”, “Digər ölkələrin təcrübəsindən maraqlı məlumatlar”, “İctimaiyyətə hesabat”, “Prokurorluğun beynəlxalq əlaqələri”, “Normativ-hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar əksini tapıb.

Nəşrin “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı informasiya və dövlətimizin başçısının Ramazan bayramı münasibətilə xalqımıza təbriki oxucuların diqqətinə çatdırılıb.

Jurnalın “Rəsmi tədbirlər” bölməsində Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsi və Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilən kollegiya iclası ilə bağlı məqalələr yer alıb. Habelə “Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzindədir”, “Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirmişdir” sərlövhəli yazılar da bu bölmədə təqdim olunub.

“Təhlillər, təkliflər” bölməsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun “Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı: məzmunu və elan edilməsi qaydasının təkmilləşdirilməsi perspektivləri” sərlövhəli məqaləsi verilib.

“Digər ölkələrin təcrübəsindən maraqlı məlumatlar” bölməsində Ukraynanın Cinayət-Prosessual Məcəlləsinin məhkəmə qərarının ifadələrlə əsaslandırılması qaydalarına həsr edilmiş 95-ci maddəsinin 4-cü hissəsinin məzmunu oxucuların diqqətinə çatdırılıb.

“İctimaiyyətə hesabat” bölməsində isə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc işçilərin andiçmə mərasimi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bu ilin birinci yarısında görülmüş işlərə dair hesabatı yerləşdirilib.

Ümumilikdə jurnalda Baş Prokurorluqda keçirilən tədbirlər, seminarlar, eləcə də bu qurumun uğurlu beynəlxalq əlaqələri barədə geniş yazılar və digər mövzularda məqalələr toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.