CƏMİYYƏT


Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Forumda iştirak edib

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX), Xorvatiya Baş Prokurorluğu və Almaniyanın Saksoniya Torpağının Baş Prokurorluğu tərəfindən Zaqrebdə təşkil olunmuş transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə prokurorların 18-ci Beynəlxalq Forumunda iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 28 ölkədən yüksək səviyyəli təmsilçilərin qatıldıqları tədbirdə Azərbaycanı Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov, Beynəlxalq əlaqələr idarəsinin xidmət rəhbəri İsmayıl Qayıbov və Quba rayon prokuroru Valeh Səmədovdan ibarət nümayəndə heyəti təmsil edib.

Forumda Almaniyanın federal baş prokuroru Peter Frank, bu ölkənin Vürtemberq Torpağının baş prokuroru Açim Braunayzen, Belçika Krallığının federal prokuroru Frederik Van Leeuv, Türkiyə Ali Məhkəməsinin prokuroru İlknur Altuntaş və digər ekspertlərin beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, insan alveri, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, odlu silahın qanunsuz alveri, Avropanın şərq və qərb marşrutları üzrə mütəşəkkil miqrant alveri, insan qaçaqmalçılığı, internet şəbəkəsinin radikallaşdırılması və terrorçuluqla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq mövzularında çıxışları dinlənilib. Həmçinin iştirakçılar tərəfindən təcrübə mübadiləsi və müzakirələr aparılıb.

Tədbir çərçivəsində Baş Prokurorluğun təmsilçiləri Türkiyə Ali Məhkəməsinin baş prokuroru Mehmet Akarca, Xorvatiyanın baş prokuroru Dinko Svetan, Belarusun baş prokuroru Aleksandr Konyuk, Gürcüstanın baş prokuroru İrakli Şotadze, Moldovanın baş prokuroru vəzifəsini icra edən Eduard Xarunjen və onların başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşüblər.

Görüşlərdə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə həmin ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.