CƏMİYYƏT
Azərbaycan Qara Dəniz Gənclər Şəbəkəsinin görüşündə təmsil olunub
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədr müavini Aysun Zeynalova Rusiyada keçirilən “Terra Scientia” (“Mənalar sahəsi”) Forumu çərçivəsində Qara Dəniz Gənclər Şəbəkəsinin görüşündə iştirak edib. Görüşə Azərbaycanla yanaşı, Belarus, Moldova, Rusiya, Serbiya və digər ölkələrin milli şuralarının və gənclər platformalarının nümayəndələri qatılıb.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, görüş Qara Dəniz Gənclər Şəbəkəsinin gələcək fəaliyyətinin müzakirəsi və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə təşkil olunub.
Forum çərçivəsində Rusiya Federasiyasının Gənclərlə İş üzrə Federal Agentliyi və İctimai Palatanın fəaliyyəti ilə tanışlıq olub, Rusiyanın gənclər siyasətinin təqdimatı keçirilib. BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi foruma xüsusi qonaq qismində qatılıb.
ARGTMŞ-nin sədr müavini “Terra Scientia” (“Mənalar sahəsi”) Forumu çərçivəsində rəsmilərin iştirakı ilə keçirilən panellərdə də iştirak edib.