İQTİSADİYYAT


Azərbaycan Qaz İxrac edən Ölkələr Forumuna üzv dövlətlərin energetika nazirlərinin görüşünə dəvət olunub

A+ A

Bakı, 30 avqust, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumuna (GECF) üzv dövlətlərin energetika nazirlərinin növbəti görüşünə dəvət edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə avqustun 30-da Azərbaycanın energetika naziri Natiq Əliyevin Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adeli ilə keçirdiyi görüşdə bildirilib. Görüşdə Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumu ilə əməkdaşlığı təqdir edilib. Ölkəmizin bu qurumda müşahidəçi kimi iştirakı və əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

GECF-in baş katibi bu ilin noyabrında Qətərin paytaxtı Dohada Qaz İxrac edən Ölkələr Forumuna üzv olan dövlətlərin energetika nazirlərinin növbəti görüşünün keçiriləcəyi barədə məlumat verib. Bildirib ki, nazirlərin görüşündə qaz ixrac edən ölkələrin yeni inkişaf modelinin müəyyən edilməsi, 2040-cı ilə kimi bu dövlətlərin imkanlarına baxış və yaxın gələcəkdə qaz bazarına yeni oyunçuların qatılması perspektivləri kimi əsas üç məsələ nəzərdən keçiriləcək. Qaz bazarının inkişaf tendensiyaları və yeni təkliflər müzakirə olunacaq. Azərbaycanın da bu tədbirdə təmsil olunması vacib sayılaraq, ölkəmiz Qaz İxrac edən Ölkələr Forumuna üzv dövlətlərin energetika nazirlərinin görüşünə dəvət edilib.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunda müşahidəçi statusunu 21 noyabr 2015-ci il tarixində GECF-in energetika nazirlərinin 17-ci görüşündə alıb. Qaz İxrac edən Ölkələr Forumunun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Azərbaycanın da Qaz İxrac edən Ölkələr Forumuna qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.