İQTİSADİYYAT


Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası Astanada keçiriləcək

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 21-22-də Astanada Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 13-cü iclası keçiriləcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək. Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və mədəniyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin Hökumətlərarası Komissiyanın 2015-ci il dekabrın 4-də Bakıda keçirilmiş 12-ci iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər və ikitərəfli sərgi və biznes-forumların təşkili məsələləri nəzərdən keçiriləcək.

İclasda Qazaxıstan neft və neft məhsullarının Azərbaycan ərazisindən dünya bazarlarına nəqli məsələləri də diqqət mərkəzində olacaq. Yanacaq-energetika sahəsində Azərbaycan-Qazaxıstan əməkdaşlığının əsas istiqamətlərindən biri məhz karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi neft terminalına nəqli sayılır ki, Batumi limanı üzrə neft, neft məhsulları və maye qaz daşımalarının həcmi 2015-ci ildə 2,9 milyon ton, bu ilin 6 ayı ərzində isə 1,3 milyon ton olub. Bu həcmin artırılması imkanları, neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının şaxələndirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri, eləcədə enerjiyə qənaət sahəsində normativ aktların hazırlanması ilə bağlı təcrübənin öyrənilməsi kimi enerji əməkdaşlığını əhatə edən məsələlər də komissiyanın müzakirə predmeti olacaq.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.