SİYASƏT
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələri müzakirə olunub
Astana, 26 may, АZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Parlament Məclisinin sədri Nurlan Niqmatulin ilə görüşüb.
Nurlan Niqmatulin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla dost münasibətdə olduğunu bildirərək ona salamlarını çatdırıb. Qeyd edib ki, Qazaxıstan Qafqaz regionunda əsas tərəfdaş kimi Azərbaycanla bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.
Parlament sədri Prezident Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana səfərini ikitərəfli strateji münasibətlərin inkişafında əhəmiyyətli hadisə adlandırıb. O deyib ki, Qazaxıstanın və Azərbaycanın aktual beynəlxalq, regional məsələlər üzrə razılaşdırılmış mövqeləri üst-üstə düşür. Burada parlament diplomatiyası da mühüm rol oynayır. O, parlamentlərarası əməkdaşlıq komissiyalarının və müvafiq komitələrin potensialından istifadənin əhəmiyyətini vurğulayıb. Spiker qeyd edib ki, bu, Qazaxıstan və Azərbaycan dövlət başçılarının razılaşdırdığı bütün müqavilələrin effektiv həyata keçməsinə zəmin yaradacaq.
Səfir Rəşad Məmmədov Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını Qazaxıstan Parlamenti Məclisinin sədrinə çatdırıb. O bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Azərbaycanla Qazaxıstan TürkPA çərçivəsində də sıx əməkdaşlıq edir. Təşkilatın fəaliyyəti tariximizin qorunmasına və ortaq maraqlarımızın həyata keçirilməsinə xidmət edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr inkişaf edir. Azərbaycan tərəfi də hər iki ölkənin parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsində maraqlıdır və bu cür səfərlər bir sıra məsələlər üzrə fikir və təcrübə mübadiləsinə imkan yaradır.
Söhbət zamanı hər iki tərəf daha sıx əməkdaşlığa, o cümlədən iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü çərçivəsində qarşıdan gələn mühüm tədbirlərə hazır olduqlarını bildiriblər.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə birinci sammiti, eləcə də “EKSPO-2017” Beynəlxalq Sərgisi çərçivəsində birgə tədbirlərin keçirilməsi məsələləri də müzakirə edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana