ELM VƏ TƏHSİL
Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq konfransda təmsil olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiyanın su ehtiyatları və onlardan istifadə” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans İsveçrənin Xarici İşlər Federal Departamentinin, UNESCO-nun Almatıdakı klaster bürosu və Beynəlxalq Hidroloji Proqramının (IHP) dəstəyi, Qazaxıstanın Kənd Təsərrüfatı və Təhsil Nazirliyi, Coğrafiya Cəmiyyəti və Milli Tədqiqat Texniki Universitetinin təşkilatçılığı ilə keçirilib. BMT-nin elan etdiyi “Həyat üçün su” onilliyinin nəticələrinə həsr olunmuş tədbirdə Mərkəzi Asiya, Belarus, Rusiya, İsveçrə və Almaniyadan su ehtiyatları sahəsində alim və mütəxəssisləri iştirak ediblər.
Beş seksiya üzrə davam edən iclasın “İqlim dəyişkənliyi şəraitində Mərkəzi Asiyanın su resursları” bölməsində akademik R.Məmmədovun “İqlim dəyişmələrinin Cənubi Qafqazın su resurslarına təsiri” mövzusunda geniş məruzəsi dinlənilib.
İclasda qeyd olunub ki, konfransın nəticələri su məsələlərinin həllində Mərkəzi Asiya regionu ölkələri üçün əməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq.