CƏMİYYƏT
Azərbaycan Qırğızıstanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq
Bişkek, 29 sentyabr, AZƏRTAC
Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin mətbuat xidməti xəbər verir ki, oktyabr ayında İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində “İssık-Kul 2016- Kitabxanalar və cəmiyyətin demokratikləşdirilməsi” adlı beynəlxalq konfrans keçiriləcək.
Tədbirdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Belarus, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan və digər ölkələrin kitabxana və informasiyalaşdırma sahələrinin nümayəndələri iştirak edəcəklər.
Konfransda Qırğızıstanın MDB ölkələrinin kitabxanaları arasında əlaqələrin gücləndirilməsi, kitabxanaların inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılması, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar yeni xidmət sahələrinin yaradılması məsələləri müzakirə ediləcək.
Tədbirdə kitabxanaların indiki vəziyyəti və perspektivləri, kitab ticarəti təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri də diqqət mərkəzində olacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek