Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair

12 mart 2015-ci il                                          Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Südabə Həsənova, Mahir Muradov, Rafael Qvaladze, Ceyhun Qaracayev, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Prokurorluğunun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Munis Abuzərlinin,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasovanın iştirakı ilə

Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, ekspertin və mütəxəssislərin çıxışlarını dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 449.2.3-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, 20 may 2014-cü il tarixdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalanmış “Mercedes” markalı avtomobil ilə “Nissan Juke” markalı avtomobil toqquşmuşdur. Bu barədə “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin Sığorta Hadisələri Departamentinə (bundan sonra - “Azsığorta” ASC-nin SHD) məlumat verilmişdir.

Hadisə ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin (bundan sonra- Nəsimi RPİ TŞ) baş təhqiqatçısı tərəfindən araşdırma aparılaraq nəticəyə gəlinmişdir ki, “Mercedes” markalı sığortalı avtomobili sahibi deyil, digər şəxs idarə etmiş, yol nəqliyyat hadisəsi də onun yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermişdir. Həmin şəxsin əməlində isə cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçının 05 iyun 2014-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 151.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olması qənaətinə gəlinmiş, material baxılıb tədbir görülməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir.

Sığortaçının nümayəndəsi CPM-in 449.1-ci və449.2.3-cü maddələrini rəhbər tutaraq material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə təhqiqatçının 05 iyun 2014-cü il tarixli qərarının onun subroqasiya hüququnu pozduğunu əsas götürərək, həmin qərarın ləğv edilməsi və materialın təkrar araşdırma aparılması üçün geri qaytarılması barədə Nəsimi rayon məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət vermişdir.

Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 iyul 2014-cü il tarixli qərarı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, şikayət mübahisə olunan qərardan şikayət vermək hüququ olmayan şəxs tərəfindən verilmişdir.

Məhkəmənin qərarı ilə razılaşmayan sığortaçının nümayəndəsi məhkəmə nəzarəti qaydasında apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2014-cü il tarixli qərarı ilə şikayət təmin edilərək, qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Bakı şəhəri Nəsimi rayon məhkəməsi işə baxaraq, yenə də əvvəlki nəticəyə gələrək bildirmişdir ki, yol nəqliyyat hadisəsi üzrə ilkin araşdırma aparan təhqiqatçının qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından “Azsığorta” ASC SHD-nin məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ yoxdur.

Məhkəmənin qərarı ilə razılaşmayan sığortaçının nümayəndəsi məhkəmə nəzarəti qaydasında yenidən apellyasiya şikayəti verərək, Nəsimi rayon məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə məhkəmə nəzarəti qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası “Azsığorta” ASC-ni maraqlarına toxunulan şəxs kimi qəbul edərək təhqiqat orqanının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı”ndan şikayət verə bilmə imkanı barədə birinci və yuxarı instansiya məhkəmələri arasında fərqli mövqe olmasını nəzərə alaraq qeyd olunan məsələ ilə əlaqədar mübahisəli məqamlara aydınlıq gətirilməsi üçün məhkəmələrdə yaranmış yanaşma müxtəlifliyi baxımından CPM-in 449.2.3-cü maddəsinə şərh verilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Müraciətlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.2-ci maddəsinə görə normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.

Şikayət vermək hüququ şəxsin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəsi olmaqla, qanunvericilikdə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı və hər bir şəxs üçün təmin olunmalıdır.

Məhkəməyədək araşdırma mərhələsində şikayət dedikdə cinayət barədə ərizə və müraciətlərin yoxlanması və həmçinin cinayət işlərinin istintaqı prosesində cinayət mühakimə icraatında iştirak edən şəxslərin prokuror, müstəntiq, təhqiqat orqanı (təhqiqatçı) tərəfindən həqiqətən pozulmuş və ya pozulması ehtimal edilən hüquq və qanuni mənafelərinin bərpa edilməsi barədə tələbi başa düşülür.

Prosesin məhkəməyədək mərhələsində icraatı aparan orqanların qərar və hərəkətlərindən şikayət verilməsi və bu şikayətlərə baxılması zamanı əmələ gələn münasibətlər öz hüquqi təbiətinə görə cinayət-prosessual xarakterlidir və şikayət- etmə sahədaxili cinayət-prosessual normalarla tənzimlənir. Belə münasibətlərin əmələ gəlməsinə səbəb olan hüquqi fakt kimi, yalnız səlahiyyətli dövlət orqanlarının məhkəməyədək icraat zamanı prosessual hərəkət və ya qərarlarından verilən şikayət çıxış edir.

Məhkəməyədək cinayət-prosessual icraatda şikayətin predmetini maraqlı şəxslərin fikrincə təhqiqat, istintaq orqanlarının və ya prokurorun onların hüquqlarını pozan və ya təhlükə altına qoyan hərəkətsizliyi və ya qanunla nəzərdə tutulmuş prosessual vəzifələrin icra olunmamasında ifadə olunan prosessual hərəkət və ya qərarlar təşkil edir.

Cinayət prosesi iştirakçılarının hüquqlarını və qanuni maraqlarını təmin etmək təhqiqat, istintaq orqanlarının, prokurorluğun və məhkəmələrin ən mühüm vəzifələrindən birini təşkil edir. Şəxsiyyətin, xüsusilə cinayət prosesi iştirakçılarının hüquqlarına zəruri diqqət yetirmədən həqiqi ədalət mühakiməsini həyata keçirmək mümkün deyil.

Cinayət prosesində iştirak edən hər bir şəxsin hüquqlarının və qanuni maraqlarının müdafiəsi və təmin edilməsi hüquqi dövlətin mühakimə icraatında yeritdiyi ədalət siyasətinin ana xəttidir və məhkəmə hakimiyyətinin həyata keçirilməsinin yeganə yoludur. Belə şəxslərin hüquqlarının və qanuni maraqlarının təminatlarının artırılması nəinki şəxsiyyətin, həm də ümumiyyətlə cəmiyyətin mənafelərinə tam uyğundur.

Konstitusiya Məhkəməsinin Plenumu baxılan məsələ ilə bağlı qeyd edir ki, şərh olunmalı normanın təhlili üçün CPM-də insan və vətəndaş hüquq və azadlıqlarını təmin edən, cinayət prosesi iştirakçılarının statusuna aid olan bəzi maddələr nəzərdən keçirilməlidir.

Belə ki, CPM-in 9-cu maddəsinə uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin etməkdir. Bu Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır (CPM-in 12.3-cü maddəsi).

CPM-in 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər.

Təhqiqatçının cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından şikayət verilməsi CPM-in 212.3-cü maddəsində də nəzərdə tutulmuşdur. Bu normada göstərilir ki, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər.

Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi isə CPM-in 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. CPM-in 449.2.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.

Şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər:

- cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi;

- tutulma və həbsdə saxlanması;

- tutulmuş şəxslərin hüquqlarının pozulması;

-həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi;

- cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi;

- məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi;

- təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri).

Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yol verilməzdir.

CPM-in 449.2.3-cü maddəsindən göründüyü kimi, qanunverici məhkəmə nəzarəti qaydasında təhqiqatçının, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ olan şəxslərin dairəsini müəyyən edərkən yalnız prosessual qaydada proses iştirakçısı və ya tərəf kimi tanınmış şəxslərlə kifayətlənməmiş, bu şəxslərin proses iştirakçısı və ya tərəf kimi qanunla müəyyən edilmiş qaydada tanınmasını əsas götürməmiş, həm də bu qərarların qəbulu və ya hərəkətin edilməsinin (edilməməsinin) digər şəxslərin hüquq və azadlıqlarının pozulmuş hesab edilməsini əsas götürmüşdür.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CPM-in 449.2.3-cü maddəsində nəzərdə tutulan “digər şəxslər” müddəası elə şəxsləri nəzərdə tutur ki, onlar prosesdə iştirakçı və tərəf deyildir. Buna ilk növbədə CPM-in X fəslində nəzərdə tutulan cinayət prosesində iştirak edən digər şəxslər; hal şahidi; şahid; mütəxəssis; ekspert; tərcüməçi və sair aiddir. CPM-in X fəslində nəzərdə tutulan cinayət prosesində iştirak edən digər şəxslərin siyahısını qəti siyahı hesab etmək olmaz. “Digər şəxslərə” həmçinin törədilmiş və ya hazırlanan cinayət barədə məlumat verən şəxs (CPM-in 204.3-cü mad.); cinayət əməlinin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərən (zərərçəkmiş şəxsdən başqa) şəxs (CPM-in 148.2.2-ci mad.); meyitin müayinəsində iştirak edən həkim (CPM-in 238.4-ci mad.); eksqumasiya olunmalı olan şəxsin yaxın qohumları və ya onun qanuni nümayandələri (CPM-in 237.2-ci mad.); şahidin nümayəndəsi (vəkili) (CPM-in 95.6.11-ci mad.); yetkinlik yaşına çatmamış şahidin qanuni nümayəndəsi (CPM-in 228.2-ci mad.); yetkinlik yaşına çatmayan şahidin, şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsində iştirak edən müəllim, həkim (psixoloq) (CPM-in 228.2-ci mad.); hərbi hissə komandiri (CPM-in 171-ci mad.); yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən şəxsin himayəsinə verildiyi etibar edilmiş şəxs (şəxsi zamin) (CPM-in 166.2-ci mad.); girov qoyan şəxs (təqsirləndirilən şəxsdən başqa) (CPM-in 164.3-ci mad.); tanınmaya təqdim olunan şəxs (CPM-in 239.5-ci mad.), həmçinin hər hansı bir formada özünün prosessual hüquq və ya vəzifəsini həyata keçirən bütün digər şəxslər aid edilir.

Vətəndaşların konstitusiya ilə təmin edilən hüquq və azadlıqlarının pozulması faktı öz-özlüyündə xüsusi əhəmiyyət kəsb etdiyinə görə, məhkəməyədək icraat zamanı məhkəmə müdafiəsi üçün məhkəməyə müraciət etməyə artıq kifayət qədər əsas verir.

Göstərilən xüsusiyyətlər-meyarlar nəzərə alınmaqla qanunda şikayət vermək hüququ dəqiq qeyd edilmiş şəxslərlə yanaşı, şikayət vermək hüququ olan şəxslərə həmçinin cinayət-prosessual fəaliyyətin o iştirakçıları da aid edilmişdir ki, onların hüquqi statusu qanunda qismən tənzimlənmişdir.Yaxud da ki, qanunda onların adı çəkilsə də, hüquqi vəziyyətləri ümumiyyətlə müəyyən edilməmişdir. Göstərilən şəxslər ibtidai araşdırma orqanının hərəkəti və ya qərarları ilə faktiki olaraq cinayət-prosessual münasibətlərinin subyekti vəziyyətinə düşürlər və bu münasibətlər gedişində onların hüquq və mənafeləri pozulur və ya pozula bilər.

Bununla belə,“İcbari sığortalar haqqında” Qanunun 22.2.7-ci maddəsinə görə, sığortalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yerdə və ya zərər dəymiş əmlakda sığortaçı və ya onun nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər onlara baxış keçirənədək heç bir dəyişiklik etməməlidir.

Sığortaçının sığorta ödənişini vеrdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır (“İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsi).

Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Qanunverici “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaçıya, sığorta hadisəsi ilə bağlı həqiqəti müəyyən etmək üçün hadisə yerinə gəlib bütün halların araşdırılması imkanını verməklə, faktiki olaraq onu cinayət-prosessual fəaliyyətin epizodik iştirakçısına çevirmişdir. Bununla da, qanunverici digər tərəfdən sığortaçıya cinayət prosesində subroqasiya hüququnu reallaşdırmaq üçün təminat vermişdir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                   Fərhad Abdullayev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin